Yeni nəsil, yeni qaydalar: Əmək bazarında maaşdan vacib amillər

Yeni nəsil, yeni qaydalar:  Əmək bazarında

Azərbaycan əmək bazarında köklü transformasiya artıq qaçılmazdır. Global CEO Summit 2026-da Orxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri, çıxışında vurğuladı ki, yeni nəsil əməkdaşlar sadəcə maaş üçün işləmirlər – onlar işçi deyil, partnyor olmaq istəyirlər. Bu dəyişiklik şirkətlərin əməkdaşları motivasiya etmə və onlara liderlik strategiyasını köklü şəkildə yenidən düşünməsini tələb edir.

Ənənəvi “maaş vaxtında ödənilsin” yanaşması artıq kifayət etmir. Gənc mütəxəssislər üçün bank hesabına oturan rəqəmlər yalnız bazis ehtiyacları ödəyir. Əsl motivasiya onların gördüyü işin töhfə verdiyini hiss etməsidir. Əgər işin mənası və təsiri onları ruhlandırmırsa, ən yüksək maaş belə uzunmüddətli bağlılığı təmin edə bilməz.

Müasir əməkdaşların loyallığını yalnız bayramlarda verilən mükafatlarla saxlamaq mümkün deyil. Onlar üçün psixoloji təhlükəsizlik vacibdir; səhv etmək qorxusunun olmaması yaradıcı düşüncəni və təşəbbüsü artırır. Çevik iş modeli, yəni nəticəyə fokuslanan hibrid və ya uzaqdan iş imkanları, əməkdaşların şirkətdə qalma motivasiyasını artırır. Həmçinin, əməyin sadəcə rəhbər tərəfindən deyil, komanda tərəfindən də tanınması və təqdir edilməsi maddi mükafatlardan daha güclü emosional bağ yaradır.

Karyera inkişafı baxımından da yeni nəsil uzun illər bir vəzifədə gözləmək istəmir. Onlara fərdi inkişaf planları təqdim edilməlidir. Bu planlar yalnız yuxarı qalxmanı deyil, həm də horizontal inkişafı – yeni bacarıqlar öyrənməyi nəzərdə tutur. Beləliklə, əməkdaşlar həm müxtəlif sahələrdə təcrübə qazanır, həm də şirkətə daha çox dəyər qatırlar.

Liderlik anlayışı da dəyişir. Müasir rəhbər artıq “əmr verən” deyil, əməkdaşları istiqamətləndirən və dəstəkləyən məşqçidir. Ənənəvi rəhbərlikdə nəzarət və mikromenecment əsas rol oynayır, informasiya gizlədilir və zəif tərəflərə fokuslanılırdı. Müasir lider isə səlahiyyət verir, şəffaflığı təmin edir və güclü tərəfləri parladır. Bu yanaşma əməkdaşların kreativliyini artırır, motivasiyasını yüksəldir və şirkətə bağlılığı gücləndirir.

MONETAR.AZ