Bakıda növbəti “Kənddən Şəhərə” mövsüm yarmarkası keçirilib

Bakıda növbəti “Kənddən Şəhərə” mövsüm

Paytaxt sakinlərinin yerli və ekoloji təmiz kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək, həmçinin regional fermerlərə birbaşa satış dəstəyi vermək məqsədilə növbəti sosial-iqtisadi layihə reallaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə iyunun 27-28-də Bakıda “Kənddən Şəhərə” mövsüm yarmarkası baş tutub. Nərimanov rayonu, Atatürk parkının qarşısında (“Gənclik” metrosunun çıxışı) yerləşən alternativ satış nöqtəsi 2 gün müddətində şəhər sakinlərinin ixtiyarına verilib.

Yarmarkada vasitəçilərin (Alverçilərin) iştirakı tamamilə istisna edilib və məhsullar istehsalçıdan istehlakçıya birbaşa çatdırılıb.

Yarmarkada satışa çıxarılan meyvə-tərəvəz, ağartı və digər qida məhsullarının keyfiyyətinə və fitosanitar sənədlərinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən ilkin nəzarət həyata keçirilib.

Yarmarka ərazisində xüsusi təchiz olunmuş Səyyar Qida Laboratoriyası fəaliyyət göstərib. Hər hansı məhsulun keyfiyyəti, tərkibindəki nitratın və ya kimyəvi qalıqların miqdarı ilə bağlı şübhəsi olan vətəndaşlar laboratoriyaya müraciət edərək anında sınaq testi tələb edə biliblər.

Bu operativ yoxlama mexanizmi sayəsində şəhər sakinləri həm bazardan daha ucuz qiymətə məhsul əldə edib, həm də aldıqları qidaların tam sağlam və standartlara uyğun olduğuna yerindəcə əmin olublar.

“Kənddən Şəhərə” yarmarkaları klassik bazarlardan fərqli olaraq, ticarətdəki monopoliya və süni qiymət artımının qarşısını alan mühüm tənzimləyici alətdir. Fermerlərin yer, avadanlıq və logistika xərclərinin dövlət tərəfindən qarşılanması daxili bazarda qiymətlərin kəskin şəkildə (bəzən 20-30%) aşağı düşməsinə şərait yaradır.

Bu isə həm inflyasiya təzyiqi altında olan şəhər sakininin büdcəsinə müsbət təsir edir, həm də regional kiçik təsərrüfatların nağd pul dövriyyəsini artıraraq növbəti mövsüm üçün aqrar istehsalı stimullaşdırır. Layihənin coğrafiyasının paytaxtın digər rayonlarına da genişləndirilməsi qeyri-neft sənayesinin daxili ticarət dövriyyəsinə əlavə təkan verə bilər.

MONETAR.AZ