Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti dəyişdirilməyərək 1 ton üçün 400 manat səviyyəsində saxlanılıb. Bununla da dövlət tədarük qiyməti ardıcıl üçüncü ildir eyni qalır.
Eyni zamanda, 2022-ci ildən tətbiq olunan 1 ton ərzaqlıq buğdaya görə 100 manat məbləğində məhsul subsidiyası da qüvvədə qalır. Beləliklə, müəyyən edilmiş şərtlərə cavab verən istehsalçılar üçün dövlət dəstəyinin ümumi həcmi hər ton məhsul üzrə 500 manata çatır.
Son illərin göstəricilərinə əsasən, 2022-ci ildə qlobal ərzaq bazarlarında müşahidə olunan qiymət artımı fonunda dövlət tədarük qiyməti 580 manat müəyyən edilmişdi. Sonrakı illərdə beynəlxalq bazarlarda qiymətlərin sabitləşməsi ilə əlaqədar alış qiyməti 450 manata, daha sonra isə 400 manata endirilib və bu səviyyə 2024–2026-cı illərdə dəyişməz saxlanılıb.
Mütəxəssislərin fikrincə, dövlət tədarük qiymətinin və subsidiya mexanizminin tətbiqi fermerlər üçün satış imkanlarının genişlənməsinə və gəlirlərin daha sabit planlaşdırılmasına şərait yaradır. Bu yanaşma kənd təsərrüfatı istehsalçılarının növbəti əkin mövsümünə hazırlığını asanlaşdıran amillərdən biri hesab olunur.
Məhsul subsidiyası müasir suvarma sistemlərinin tətbiq olunduğu təsərrüfatlara şamil edilir. Bu mexanizm su ehtiyatlarından səmərəli istifadənin təşviqi və məhsuldarlığın artırılması məqsədi daşıyır.
İqtisadçılar bildirirlər ki, daxili bazarda buğdanın dövlət tərəfindən müəyyən edilmiş qiymətlə tədarükü un istehsalçıları üçün xammal təminatında sabitliyi dəstəkləyən amillərdən biridir. Bu isə öz növbəsində un və çörək bazarında qiymət dəyişkənliyinin məhdudlaşdırılmasına müsbət təsir göstərə bilər.
Ümumilikdə, 2026-cı il üçün dövlət tədarük qiymətinin və subsidiya mexanizminin dəyişməz saxlanılması ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, yerli istehsalın dəstəklənməsi və daxili bazarda sabitliyin qorunmasına yönəlmiş tədbirlərin davamı kimi qiymətləndirilir.
MONETAR.AZ