Belarusun "Belstroycenter" dövlət müəssisəsi ilə Azərbaycanın IMA-ENERGY şirkəti tikinti sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu barədə BELTA agentliyinə müəssisədən məlumat verilib.
Görüş videokonfrans formatında keçirilib. Sənədi Minskdə “Belstroycenter”in baş direktoru Aleksey Malinovski imzalayıb.
Azərbaycan tərəfi tərəfdaş-subpodratçı kimi çıxış edir və məhz bu əməkdaşlıq çərçivəsində belaruslı inşaatçılar Ağdam rayonu ərazisində aqroşəhərcik tikintisinə başlayacaqlar.
Məlumata görə, layihə genişmiqyaslı və sosial əhəmiyyətlidir. Buraya 448 yaşayış evinin, məktəbin, uşaq bağçasının, həmçinin tam infrastrukturun inşası daxildir. Hazırda layihə layihələndirmə mərhələsindədir.
IMA-ENERGY ilə əməkdaşlıq belarus mütəxəssisləri üçün tikinti xidmətlərinin ixracı baxımından yeni imkanlar yaradır. Bu, Belarus və Azərbaycan arasında tikinti sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.