Dünya üzrə aparılan yeni araşdırmaya görə, ölkələrin böyük əksəriyyəti əhalini bütün əsas qida qrupları ilə tam təmin etmək üçün idxaldan asılıdır. Nəticələr göstərir ki, yalnız Qayana bütün əsas qida məhsullarını daxili istehsal hesabına təmin edə bilir.
Tədqiqat “yeddi əsas qida qrupu” üzrə aparılıb. Bu qruplara dənli bitkilər, meyvə, tərəvəz, süd məhsulları, ət, balıq və paxlalılar daxildir. Məqsəd ölkələrin yalnız kalori deyil, həm də balanslı qidalanma üçün lazım olan bütün qida növlərini istehsal edib-etmədiyini müəyyənləşdirmək olub.
Araşdırmaya əsasən, Qayana bütün yeddi qida qrupunu tam təmin edən yeganə ölkədir və bəzi kateqoriyalarda hətta daxili tələbatı üstələyir.
Digər böyük ölkələr isə bu göstəricidə geri qalır. Məsələn, Çin və Vyetnam altı qida qrupunu təmin etsə də, süd məhsulları üzrə çatışmazlıq yaşayır.
Siyahıda yer alan Braziliya, Argentina, Avstraliya və İspaniya kimi ölkələr isə beş qida qrupu üzrə özünü təmin edə bilir.
Araşdırma göstərir ki, iqtisadi inkişaf səviyyəsi ərzaq müstəqilliyini təmin etmir. Məsələn, ABŞ və Kanada kimi yüksək gəlirli ölkələr cəmi dörd qida qrupu üzrə özünü təmin edir və xüsusilə meyvə-tərəvəz idxalından asılıdır.
Mütəxəssislər bildirir ki, iqlim şəraiti və su resursları bu sahədə əsas məhdudlaşdırıcı amillərdəndir. Xüsusilə Yaxın Şərq və Şimali Afrika regionunda su qıtlığı kənd təsərrüfatının inkişafına ciddi təsir göstərir.
Qeyd olunur ki, ərzaq təhlükəsizliyi yalnız məhsul bolluğu ilə deyil, əhalinin balanslı qidalanması üçün bütün qida qruplarının əlçatanlığı ilə ölçülür.
MONETAR.AZ