Həftənin sonuna doğru bitcoinin qiyməti 84 min dollar ətrafında sabitləşib. İnstitusional tələbin və tənzimləyici mühitdəki dəyişikliklərin dəstəyinə baxmayaraq, ABŞ Xəzinə istiqrazlarının gəlirliliyinin yüksəlməsi kriptovalyutaya təzyiq göstərməkdə davam edir.
Saat 08:55 radələrində bitkoin gün ərzində təxminən 0,27 faiz ucuzlaşaraq 83 981,2 dollar səviyyəsində ticarət olunub. Həftənin əvvəlində 83 min dollardan aşağı düşən kriptovalyutanın qiyməti cümə günü qısa müddət ərzində 85 min dollara yaxınlaşıb.
Kriptovalyutaya əsas təzyiq istiqraz bazarından gəlir. ABŞ-ın 10 illik Xəzinə istiqrazlarının gəlirliliyi cümə günü 5,2 faizdən yuxarı qalxaraq 2007-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. İstiqraz gəlirlərinin yüksəlməsi faiz gəliri gətirən aktivlərin cəlbediciliyini artıraraq bitcoin və digər riskli aktivlər üzərində təzyiq yaradıb.
Bununla yanaşı, institusional kapital axınları kriptovalyutanın qiymətinə müəyyən dəstək verib. ABŞ-dakı spot bitcoin ETF-ləri çərşənbə günü də daxil olmaqla, ardıcıl beş sessiya ərzində ümumilikdə təxminən 2,65 milyard dollar vəsait cəlb edib. Bunun təxminən 347 milyon dolları yalnız çərşənbə günündə daxil olub. Həmin gün üzrə vəsait axınının əsas hissəsi “BlackRock”un IBIT və “Fidelity”nin FBTC fondlarının payına düşüb.
Bitcoinin ən böyük korporativ sahiblərindən biri olan “Strategy” də kriptovalyuta ilə əlaqəli maliyyələşdirmə modelini genişləndirməyə çalışır. Şirkət likvidliyi və qiymətli kağızlarına tələbi artırmaq məqsədilə dörd imtiyazlı səhm üzrə gündəlik dividend ödənişlərini təklif edib. Bu səhmlərə yüksək tələbat “Strategy”yə əlavə bitkoin alışlarını maliyyələşdirmək üçün yeni kapital cəlb etmək imkanı yarada bilər.
Kriptovalyutaların tənzimlənməsi sahəsində isə ziddiyyətli proseslər müşahidə olunur. Daha aydın kriptovalyuta qaydalarının tərəfdarı kimi tanınan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) komissarı Hester Pirs oktyabrın 2-də qurumu tərk edəcək. Pirs SEC-in Kripto İş Qrupuna rəhbərlik edib, həmçinin steykinq, tokenlərin təsnifatı və tokenləşdirilmiş qiymətli kağızlarla bağlı məsələlər üzərində çalışıb.
Onun gedişi Senatda “Digital Asset Market Clarity Act” qanun layihəsinin irəlilədilməsində yaranan çətinliklərdən sonra Vaşinqtonda kriptovalyuta siyasəti ilə bağlı baş verən növbəti dəyişiklik kimi qiymətləndirilir.
Eyni zamanda, “Blockchain Association”ın baş icraçı direktoru Sammer Mersinger də vəzifəsindən ayrılır. Qurumun keçmiş rəhbəri Kristin Smit isə müvəqqəti baş icraçı direktor vəzifəsinə qayıdacaq.
Beləliklə, bitcoinin qiymətində hazırda iki əsas istiqamət qarşı-qarşıya dayanır: ABŞ istiqrazlarının yüksələn gəlirliliyi və daha sərt maliyyə şərtləri kriptovalyutaya təzyiq göstərir, institusional vəsait axınları isə bu təzyiqi qismən kompensasiya edir.
MONETAR.AZ