Funt sterlinq və avro bu gün dollar qarşısında cüzi bahalaşıb. Bununla belə, qlobal istiqraz bazarında satışların davam etməsi investorların təhlükəsiz aktivlərə tələbatını artıraraq dolları dəstəkləyir və əsas valyuta cütlüklərində yüksəlişi məhdudlaşdırır.
Bakı vaxtı ilə saat 12:00-a olan məlumata görə, GBP/USD cütlüyü 0,09 faiz artaraq 1,3233, EUR/USD isə 0,12 faiz yüksələrək 1,1392 səviyyəsinə çatıb.
ING analitiklərinin qiymətləndirməsinə görə, uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyində artım qlobal bazar əhval-ruhiyyəsində dəyişiklik yaradıb. Bu şəraitdə dollar qısamüddətli fundamental göstəricilərlə müqayisədə yüksək qiymətləndirilən aktiv olaraq qalmasına baxmayaraq, son mövqelərini qorumaq imkanı əldə edib.
Neft bazarındakı dinamika da valyuta bazarının diqqət mərkəzindədir. BMT Baş Assambleyası çərçivəsində aparılan müzakirələrdən sonra Fars körfəzində vəziyyətin yaxın perspektivdə sabitləşməsi ilə bağlı nikbinliyin zəifləməsi fonunda neft qiymətləri yüksək səviyyələrdə qalmaqda davam edib.
ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı danışıqlara dair xəbərlərin yaratdığı ilkin neft qiyməti korreksiyası isə qısa müddətdə aradan qalxıb. Bu, bazar iştirakçılarının regionda sürətli deeskalasiyanın baş verəcəyinə ehtiyatla yanaşdığını göstərir.
ING-nin valyuta strateqi Françesko Pezole bildirib ki, dolların yüksəlişinin başa çatdığı barədə danışmaq hələ tezdir. Onun sözlərinə görə, neft qiymətlərinin daha da artması dollar üçün əlavə dəstək yarada bilər.
Bununla yanaşı, bazarlarda Federal Ehtiyat Sisteminin faiz siyasətini daha sərt istiqamətə yönəldə biləcəyi ilə bağlı gözləntilər güclənib. İki illik SOFR dərəcəsi son 48 saat ərzində təxminən 20 baza bəndi artıb. Bazar qiymətləndirmələrinə görə, oktyabrda faiz artımı ehtimalı hazırda təxminən 18 baza bəndi səviyyəsində qiymətləndirilir. Yanvara qədər iki tam faiz artımının, 2027-ci ilin iyuluna qədər isə ümumilikdə təxminən dörd artımın nəzərdə tutulması FED rəsmilərinin sərt ritorikasının bazar gözləntilərinə təsirini göstərir.
Funt sterlinqin cümə günü bahalaşması Böyük Britaniyanın daxili iqtisadi göstəricilərindən qaynaqlanmayıb. Ölkədə valyutanın istiqamətinə təsir edə biləcək mühüm daxili iqtisadi və ya siyasi katalizatorun olmaması fonunda GBP/USD cütlüyünün hərəkəti əsasən qlobal risk iştahı və enerji bazarındakı dinamika ilə müəyyənləşib.
Avro isə öz növbəsində həm dolların mövqeyindən, həm də Avrozonadakı regional risklərdən təsirlənir. Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi Almaniyanın analoji istiqrazlarından 110 baza bəndi yüksək olub. Fransanın büdcəsi ətrafında siyasi qeyri-müəyyənliyin davam etməsi də avro üçün əlavə risk amili kimi qiymətləndirilir.
Pezole qeyd edib ki, Avrozonanın iqtisadi dayanıqlığı avro üçün müsbət amil olaraq qalır. Bununla belə, Avrozonada dövlət istiqrazlarının gəlirlilik fərqlərinin genişlənməsi bu üstünlüyü müəyyən qədər neytrallaşdırır.
ING 1,1320–1,1330 intervalını EUR/USD üçün əsas dəstək zonalarından biri kimi qiymətləndirir. Neft qiymətlərinin yenidən kəskin yüksəlməsi və ya ABŞ iqtisadi göstəricilərinin gözləntiləri üstələməsi halında bu səviyyənin sınaqdan keçirilə biləcəyi bildirilir.
Pezolening qiymətləndirməsinə görə, EUR/USD üzrə yeni minimumların qaçılmaz olduğunu söyləmək mümkün deyil, lakin aşağı istiqamətli risklər qalmaqdadır. Onun fikrincə, valyuta cütlüyünün 1,1320 səviyyəsindən aşağı davamlı şəkildə geriləməsi qısamüddətli mənfi ssenarini gücləndirə bilər. Bu gözləntilərin əhəmiyyətli şəkildə dəyişməsi üçün isə Yaxın Şərqdə deeskalasiya və ya FED-in daha yumşaq pul siyasəti ritorikasına keçməsi əsas amillərdən biri ola bilər.
MONETAR.AZ