Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluqçularının peşəkar inkişafının dəstəklənməsi məqsədilə regionlarda təlimləri davam etdirir.
Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulan tədbirlər çərçivəsində təşkil olunur. Strategiyanın müvafiq tədbirləri üzrə DİM əsas icraçı qurum kimi müəyyən edilib.
Bu çərçivədə 2026-cı ilin sonunadək Azərbaycanın inzibati ərazi bölgüsünə uyğun olaraq bütün regionlarda dövlət qulluqçuları üçün müxtəlif mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.
Növbəti təlimlər 22-25 sentyabr 2026-cı il tarixlərində Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarında qulluq keçən dövlət qulluqçuları üçün təşkil olunub.
Təlimlərdə “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzuları üzrə təqdimatlar keçirilib. İştirakçılara mövzularla bağlı məlumatlar verilib, müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
DİM-dən bildirilib ki, dövlət qulluqçuları üçün təşkil olunan bu təlimlər ilin sonunadək Azərbaycanın digər şəhər və rayonlarında da davam etdiriləcək.
