Dövlət qulluqçularının üç dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək

Dövlət qulluqçularının üç dəfədən artıq rotasiya olunmasına

Azərbaycanda dövlət qulluqçularının rotasiyası ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən, müvafiq inzibati vəzifədə beş ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmayacaq, bir dövlət qulluqçusunun isə üç dəfədən artıq rotasiya edilməsinə yol verilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə nəzərdə tutulur ki, dövlət orqanlarının kadr potensialından daha səmərəli istifadə edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, maraqlar toqquşmasının qarşısının alınması və dövlət orqanlarında formalaşmış mütərəqqi təcrübənin yayılması məqsədilə 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçirilsin.

Rotasiya zamanı dövlət qulluqçusunun əvvəl tutduğu inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri və qulluq stajı ilə yanaşı, yaşı, ailə vəziyyəti və sağlamlıq durumu da nəzərə alınacaq.

Layihəyə əsasən, müvafiq inzibati vəzifədə beş ildən az qulluq keçən dövlət qulluqçusunun rotasiyası mümkün olmayacaq. Eyni zamanda bir dövlət qulluqçusunun üç dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək.

1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyasının konkret qaydalarının isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırkı qanunvericilikdə də müvafiq vəzifədə beş ildən az qulluq keçən dövlət qulluqçularının rotasiyası nəzərdə tutulmur. Mövcud rotasiya qaydalarında rotasiyanın təşkili, seçim zamanı nəzərə alınan meyarlar və yaşayış yerindən kənarda vəzifəyə təyinat zamanı kompensasiya məsələləri də tənzimlənir.