DİM-in dövlət qulluğu imtahanında 434 namizəd uğur qazanıb

DİM-in dövlət qulluğu imtahanında 434 namizəd

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 24-də dövlət qulluğu vəzifələrinin A növünə aid AB və AC, eləcə də B növünə aid BA və BB altqrupları üzrə test imtahanları keçirib. İmtahanda ümumilikdə 1 634 namizəd iştirak edib.

Birinci növbə imtahan saat 10:00-da başlayıb və üç saat davam edib. İkinci növbə isə saat 16:00-da keçirilib. Namizədlər imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəticələrin DİM-in rəsmi internet səhifəsində də yerləşdiriləcəyi bildirilib.

İmtahanın nəticələrinə əsasən, ümumilikdə 434 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Onlardan AB3 altqrupu üzrə 2, AB4 üzrə 1, AC1 üzrə 13, AC2 üzrə 36, AC3 üzrə 79, AC4 üzrə 117, BA1 üzrə 6, BA2 üzrə 8, BA3 üzrə 10, BA4 üzrə 23, BB1 üzrə 18, BB2 üzrə 18, BB3 üzrə 38 və BB4 üzrə 65 nəfər müvəffəqiyyət əldə edib.

Bu imtahanda rəqəmsal platformanın imkanları da genişləndirilib. Belə ki, tapşırıqların həlli zamanı kompüter üzərindən qeyd və hesablamalar aparmaq üçün sistemə virtual qaralama alətlər paneli və virtual kalkulyator əlavə edilib.

DİM-in məlumatına görə, virtual qaralama vasitəsilə aparılan qeydlər yalnız qaralama məqsədi daşıyır, imtahan səhifəsindən çıxış edildikdə yaddaşdan silinir və nəticəyə təsir göstərmir. Yeni funksiyalar namizədlərə əlavə qaralama vasitələrindən istifadə etmədən ara hesablamalar aparmağa, fikirlərini sistemləşdirməyə və tapşırıqları daha rahat həll etməyə imkan verib.

İmtahandan uğurla keçən namizədlərə müvafiq altqruplara daxil olan vəzifələr üzrə 5 il müddətində qüvvədə olan sertifikat veriləcək.

Sertifikat almaq üçün namizədlər sentyabrın 25-dən oktyabrın 8-dək DİM-in portalında elektron müraciət formasını doldurmalıdırlar. Müraciət zamanı ali təhsil haqqında sənədin, eləcə də mövcud olduğu halda əmək kitabçasının skan edilmiş surəti təqdim edilməlidir.

Elektron dövlət informasiya sistemləri vasitəsilə təqdim olunan məlumatların və sənədlərin düzgünlüyünü yoxlamaq mümkün olmadıqda, namizəd müvafiq sənədlərin təsdiq olunmuş surətlərini və ya sənədlərin əslini eyniləşdirmə məqsədilə 5 iş günü ərzində DİM-ə təqdim etməlidir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 25, 28 və 29 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Komissiya DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən əsas inzibati binasında namizədlərin müraciətlərini qəbul edəcək.