Çin və ABŞ qarşılıqlı olaraq 30 milyard dollar dəyərində mallara tətbiq olunan tariflərin azaldılması və süni intellekt sahəsində dialoqun başlanması barədə razılığa gəlib.
“Reuters”in Çin Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, razılaşmalar Çin Prezidenti Si Tszinpinin ABŞ-a dövlət səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşlər zamanı əldə olunan 8 maddəlik konsensusun tərkib hissəsidir.
Tərəflər iqtisadi komandalar arasında əməkdaşlığın davam etdirilməsini və ikitərəfli ticarət şurasının yaradılmasını dəstəkləyiblər. Həmçinin əvvəlki danışıqlar zamanı əldə olunmuş razılaşmaların icrasının davam etdirilməsi barədə anlaşma əldə olunub.
ABŞ və Çin arasında mövcud ticarət atəşkəsinin noyabrın 10-da başa çatmasından sonra daha iki ay uzadılması da razılaşmalar sırasındadır. Bu müddət ərzində tərəflərin daha geniş iqtisadi və ticarət sazişi üzrə danışıqları davam etdirməsi nəzərdə tutulur. “Reuters” də zirvənin əsas nəticələrindən birinin məhz ticarət atəşkəsinin iki ay uzadılması olduğunu bildirir.
Çin və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq da əldə olunan razılaşmaların əsas istiqamətlərindən biri olub.
Tərəflər süni intellekt texnologiyalarının yaratdığı risklər və imkanlar barədə müntəzəm dialoq aparmaq barədə razılığa gəliblər. Bundan əlavə, süni intellektlə bağlı təhlükəsizlik insidentlərinin operativ şəkildə müzakirə edilməsi üçün xüsusi əlaqə mexanizminin yaradılması nəzərdə tutulur.
ABŞ maliyyə naziri Skott Bessentin əvvəlki açıqlamasına görə, iki ölkənin rəsmiləri süni intellekt təhlükəsizliyi üzrə formal dialoq və belə insidentlər barədə məlumat mübadiləsi üçün xüsusi “incident line” yaradılması məsələsində razılığa gəliblər. Növbəti müzakirələrin təxminən iki ay ərzində Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır.
Çin Prezidenti Si Tszinpin də Donald Trampla görüşündə iki ölkənin süni intellekt sahəsində həm rəqabət apardığını, həm də əməkdaşlıq imkanlarının olduğunu bildirib. O, texnologiyanın riskləri və üstünlükləri barədə dialoqun davam etdirilməsinin və süni intellektin sui-istifadəsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Çin və ABŞ 2026-cı ildə keçiriləcək iri beynəlxalq tədbirlər çərçivəsində də qarşılıqlı dəstəyi davam etdirmək barədə razılığa gəliblər. Tərəflər müvafiq olaraq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) və “Böyük İyirmilik” (G20) sammitlərinin təşkilində bir-birini dəstəkləyəcəklər.
Zirvə görüşündə iqtisadi və texnoloji məsələlərlə yanaşı, beynəlxalq və regional gündəlik də müzakirə olunub. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Tszinpin və Donald Tramp Yaxın Şərq, Ukrayna böhranı və Koreya yarımadasındakı vəziyyət də daxil olmaqla bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar.
Beləliklə, Çin və ABŞ arasında əldə olunan yeni razılaşmalar bir tərəfdən ikitərəfli ticarət gərginliyinin idarə olunmasına, digər tərəfdən isə süni intellekt kimi strateji texnologiya sahəsində dialoqun institusional çərçivəyə salınmasına yönəlib. Bununla yanaşı, tərəflər arasında texnologiya, ticarət və digər geosiyasi məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır.
MONETAR.AZ