2025-ci ildə xaricdə ən böyük yeni investisiya öhdəliyi açıqlayan şirkət TSMC olub. Tayvan (Çin) şirkəti ABŞ-ın Arizona ştatındakı fəaliyyətinin genişləndirilməsi üçün 100 milyard dollar investisiya planı açıqlayıb.
Monetar.az xəbər verir ki, Visual Capitalist-in fDi Report 2026 məlumatları əsasında hazırladığı reytinqdə ilk 10 şirkətin elan etdiyi investisiyaların ümumi həcmi 1,3 trilyon dollarlıq qlobal yeni xarici investisiyaların dörddə birindən çoxunu təşkil edib.
Reytinqdə ikinci yeri 45,1 milyard dollarla Çinin ByteDance şirkəti tutub. Şirkətin investisiyalarının təxminən 40 milyard dolları Braziliyada iri məlumat mərkəzinin yaradılması layihəsinə yönəlib.
BƏƏ-nin MGX Fund Management şirkəti 43,4 milyard dollarla üçüncü, Kanadanın Brookfield Asset Management şirkəti isə 28,2 milyard dollarla dördüncü olub.
İlk 10-luqda texnologiya şirkətləri üstünlük təşkil edir. Siyahıda TSMC, ByteDance, Alphabet, Microsoft və Micron Technology olmaqla 5 texnologiya şirkəti yer alıb.
Reytinqdə Alphabet 25,1 milyard dollar, BƏƏ-nin DAMAC Holding şirkəti 24,6 milyard dollar, İspaniyanın Iberdrola şirkəti 24,3 milyard dollar, Microsoft 17,7 milyard dollar, Avstraliyanın Woodside Energy şirkəti 17,5 milyard dollar və ABŞ-ın Micron Technology şirkəti 16,6 milyard dollar investisiya ilə qərarlaşıb.
2025-ci ildə şirkətlərin elan etdiyi yeni xarici investisiyaların ümumi həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 1,3 trilyon dollara çatıb. İnvestisiyalarda əsas istiqamətlər yarımkeçirici zavodları, məlumat mərkəzləri, enerji və digər iri infrastruktur layihələri olub.