Çin bazarı Azərbaycanın quş əti və dəniz məhsulları üçün açıldı

Çin bazarı Azərbaycanın quş əti və dəniz məhsulları

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində yerli sahibkarlar üçün nəhəng bir bazarın qapıları açılıb. AQTA rəhbəri və Çin Baş Gömrük İdarəsinin rəhbəri Sun Meytszyun arasında Azərbaycanın quş əti və dəniz məhsullarının Çinə ixracını tənzimləyən mühüm protokollar imzalanıb.

Bu tarixi razılaşma, quşçuluq və balıqçılıqla məşğul olan yerli istehsalçılar üçün yeni və çoxmilyonluq bir satış bazarı yaradır.

Quş əti, akvakultura məhsulları (süni şəraitdə yetişdirilən balıqlar) və vəhşi su bioresurslarının Çinə ixracı zamanı tətbiq olunacaq inspeksiya, karantin və qida təhlükəsizliyi tələbləri rəsmən müəyyən edilir. Tərəflər arasında ixrac prosedurlarını sürətləndirmək məqsədilə rəqəmsal transformasiya tətbiq olunur və qida təhlükəsizliyi sertifikatlarının qarşılıqlı tanınması prosesinə başlanılır.

Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası ilə birgə səmərəli inspeksiya sistemləri qurulur və gələcəkdə digər Azərbaycan kənd təsərrüfatı məhsullarının da Çin bazarına çıxışı genişləndirilir.

Səfər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli həmçinin Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının naziri Lo Venlə də görüşüb. Bu görüşdə əsas diqqət rəqəmsal transformasiyaya və ixrac zamanı bürokratik əngəlləri minimuma endirəcək effektiv nəzarət sistemlərinin qurulmasına yönəldilib.