Lenovo, Dell və HP yaddaşın bahalaşması səbəbindən kompüter qiymətlərini artırır

Lenovo, Dell və HP yaddaşın bahalaşması səbəbindən

Qlobal fərdi kompüter, noutbuk və server istehsalçıları yaxın aylarda məhsullarının qiymətlərini növbəti dəfə qaldırmağa hazırlaşırlar. TrendForce analitik şirkətinin hesabatına istinadən, qiymət artımına əsas səbəb mikroçiplərdə və operativ yaddaşlarda (RAM) istifadə olunan komponentlərin qlobal miqyasda kəskin bahalaşmasıdır. Dünyanın rəqəmsal nəhəngləri artıq qiymət artımının qrafikini və strategiyasını müəyyən ediblər.

Son 12 ay ərzində yaddaş çiplərinin spot bazardakı qiyməti təxminən 4 dəfə artıb. Cari ilin may ayında 8 GB DDR4 yaddaş çipinin qiyməti rekord həddə — 20 dollara yüksəlib. Bu kəskin sıçrayış cihazların birbaşa maya dəyərinə təsir edib.

"Lenovo" iyun endirim mövsümündən sonra qiymətləri 150 dollardan çox qaldırmağı hədəfləyir. "Dell" iyul ayından etibarən qiymətlərə yenidən baxacaq. "HP" isə ilin ikinci yarısında tədarükün 18–19% azalacağını gözlədiyi üçün itkilərini daha yüksək orta satış qiymətləri ilə sığortalayacaq.

Yalnız böyük üçlük deyil, digər istehsalçılar da prosesə qoşulur. "Acer" prosessor çatışmazlığı fonunda qiymətləri 5% qaldıracağını elan edib. "ASUS" isə bəzi daxili bazarlarda qiymətlərin artıq 25–30% yüksəldiyini və bu trendin ilin sonunadək davam edəcəyini bildirir.

Kompüter istehsalçılarının bu addımı Azərbaycandakı pərakəndə və topdansatış bazarına da birbaşa təsir göstərəcək. Ölkəmizə idxal olunan rəqəmsal texnikanın (xüsusilə korporativ və təhsil yönümlü noutbukların) qiymətlərində payız mövsümünə doğru artım müşahidə oluna bilər. Şəxsi və ya biznes məqsədləri üçün noutbuk və server almağı planlaşdıran şəxslərin daxili bazardakı mövcud anbar qalıqlarından yararlanması iqtisadi cəhətdən daha səmərəlidir.

Çip sənayesindəki bu böhran göstərir ki, rəqəmsal cihazlar qlobal xammal və yarımkeçirici bazarından birbaşa asılıdır və komponent səviyyəsindəki istənilən qiymət artımı bir neçə ay ərzində son istehlakçının cibinə əks olunur.

MONETAR.AZ