Goldman Sachs: 2027-ci ildə neftin qiyməti 75-80 dollara düşəcək

Goldman Sachs: 2027-ci ildə neftin qiyməti

ABŞ-ın aparıcı investisiya banklarından olan Goldman Sachs artan qlobal neft təklifi və zəifləyən tələbat fonunda 2027-ci il üçün xam neft qiymətləri üzrə proqnozlarını aşağı salıb.

Bankın analitiklərinin yaydığı hesabata görə, Brent markalı neftin 2027-ci ildə orta qiymətinin bir barel üçün 80 ABŞ dolları, ABŞ-ın etalon nefti olan WTI markasının isə 75 ABŞ dolları olacağı gözlənilir. Bu, əvvəlki proqnozlarla müqayisədə hər iki göstərici üzrə 5 dollarlıq azalma deməkdir.

Goldman Sachs proqnozlara yenidən baxılmasını qlobal bazarda təklifin artması ilə əlaqələndirib. Bank Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən ayrılmasından sonra ölkənin hasilat göstəricilərini yüksəldib. Eyni zamanda Braziliya, Qayana və Venesuela üzrə istehsal proqnozları da artırılıb.

Analitiklər hesab edirlər ki, Hörmüz boğazında nəqliyyatın bərpasından sonra qlobal neft istehlakı müəyyən qədər artsa da, dünyanın ən böyük idxalçılarından biri olan Çində tələbatın zəifləməsi bazara təzyiq göstərməyə davam edəcək. Onların fikrincə, xüsusilə Çində elektrik avtomobillərinin sürətlə yayılması neft məhsullarına alternativlərə keçidi sürətləndirir.

Hesabatda qeyd olunur ki, rekord həcmdə ABŞ neft ixracı, Çində gözlənilməz tələbat azalması və Hörmüz boğazından xam neft axınının davam etməsi Yaxın Şərqdə yaranan təchizat problemlərinin təsirini qismən kompensasiya edib. Bu amillər neft qiymətlərinin bir barel üçün 100 ABŞ dollarından aşağı səviyyədə qalmasına şərait yaradıb.

Bununla yanaşı, Goldman Sachs ölkələrin strateji ehtiyatlarını bərpa etməsi və Fars körfəzi regionu ilə bağlı risklərin davam etməsi səbəbindən qiymətlərin 2027-ci ildə də nisbətən dayanıqlı qalacağını bildirir.

Bank cari rübdə qlobal bazarda gündəlik 5-6 milyon barel həcmində neft çatışmazlığı proqnozlaşdırır. Bununla belə, Körfəz ölkələrindən neft ixracının tam normallaşmasının əvvəlki gözləntilərdən daha gec – avqustun sonlarında baş verəcəyi ehtimal olunur.

MONETAR.AZ