“Bank of America”nın (BofA) analitiklərinin araşdırmasına görə, Yaponiya yeninin məzənnəsinə təsir edən amillərin coğrafiyasında dəyişiklik baş verib. 2025-ci ilin ikinci rübündən 2026-cı ilin ikinci rübünədək iena əsasən London və Nyu-York ticarət sessiyalarında zəifləyib.
Oktyabrın 8-də yayımlanan tədqiqat qeydində BofA analitikləri Şusuke Yamada və İzumi Devalye bu tendensiyanın əvvəlki illərdən fərqləndiyini bildiriblər.
Belə ki, 2021-ci ildən 2024-cü ilin ortalarınadək yen həm Tokio sessiyasında, həm də beynəlxalq bazarlarda təzyiq altında olub. Son dövrdə isə Yaponiya valyutasının ucuzlaşması əsasən xarici ticarət saatlarında müşahidə edilib.
Analitiklər Tokioda iena məzənnəsinin nisbətən sabitləşməsini Yaponiyanın tədiyyə balansındakı yaxşılaşma ilə əlaqələndirirlər. Bunun əksinə olaraq, beynəlxalq bazarlarda valyutanın zəifləməsinə iki əsas amilin təsir göstərdiyi bildirilir.
Birinci amil süni intellekt sektorunun yüksəlişi ilə bağlıdır. Səhm bazarlarında bu sahəyə marağın artması beynəlxalq investorların valyuta risklərini hedcinq etməsinə, yəni mümkün məzənnə dəyişikliklərindən qorunmasına səbəb olub. Bu əməliyyatlar yen üzərində əlavə satış təzyiqi yaradıb.
İkinci amil Yaponiya Bankının (BOJ) pul-kredit siyasəti ilə bağlı gözləntilərdir. Faiz dərəcələrinin tədricən və ləng artırılacağı ehtimalı valyutanı ucuz maliyyələşmə valyutası kimi cəlbedici saxlayıb. Bu isə investorların aşağı faizli iena ilə borclanaraq daha yüksək gəlir gətirən aktivlərə yatırım etməsi strategiyasını dəstəkləyib.
Bununla belə, Yaponiya və ABŞ-ın iyul ayında həyata keçirdiyi koordinasiyalı valyuta müdaxiləsindən sonra, eləcə də BOJ-un faizləri daha sürətlə artıracağı gözləntilərinin güclənməsi fonunda iena üzərindəki təzyiqin əhəmiyyətli dərəcədə azaldığı qeyd olunur.
Bazarda investor mövqeləri də dəyişib. BofA-nın məlumatına əsasən, avqust ayında sorğuda iştirak edən investorların təxminən 60%-i Yaponiya Bankının pul-kredit siyasətində gecikdiyini düşünərək yapon valyutasının daha da zəifləyəcək valyuta kimi qiymətləndirirdi. Sentyabrda isə bu mövqedə olanların payı 30%-ə düşüb.
BofA analitikləri Yaponiya Bankının baza faiz dərəcəsini hər biri 25 baza bəndi olmaqla üç mərhələdə artıracağını proqnozlaşdırırlar. Onların gözləntilərinə görə, faiz artımları 2026-cı ilin dekabrında, 2027-ci ilin martında və həmin ilin iyulunda baş verə bilər. Sonuncu artımla faiz dərəcəsinin 2%-ə çatacağı ehtimal edilir.
BofA strateqləri dolların qlobal bazarlarda möhkəmlənməsinə baxmayaraq, risklərin iena üçün daha əlverişli istiqamətdə dəyişdiyini düşünürlər. Bu səbəbdən onlar ABŞ dolları/iena (USD/JPY) valyuta cütlüyü üzrə qısa mövqelərin açılması tövsiyəsini qüvvədə saxlayıblar. Belə mövqe dolların ienaya qarşı ucuzlaşacağı gözləntisinə əsaslanır.
Analitiklər USD/JPY məzənnəsinin 160 həddini aşmasının Yaponiyanın valyuta bazarına yenidən müdaxilə etməsi ehtimalını gündəmə gətirə biləcəyini də vurğulayırlar.
Digər mümkün amil süni intellekt şirkətlərinin səhmlərində korreksiyadır. Bu sektorda qiymətlərin azalması investorların valyuta hedcinqi əməliyyatlarını geri çevirməsinə və qlobal risk iştahının zəifləməsinə səbəb ola bilər. Belə bir ssenari ienanı dəstəkləyə və Yaponiya Bankı faiz artımlarını ləngitsə belə, ölkə ilə digər bazarlar arasındakı faiz fərqinin yen üçün daha əlverişli istiqamətdə dəyişməsinə şərait yarada bilər.
MONETAR.AZ