Son həftələrdə bir sıra dövlət qurumları içməli suyun satın alınması ilə bağlı tender elan edib və proses hazırda davam edir. Maraqlıdır ki, bu qurumlar suyu birbaşa mərkəzləşdirilmiş şəbəkədən deyil, qablaşdırılmış formada əldə etməyə üstünlük verirlər.
2026-cı ildə qablaşdırılmış içməli suyun satınalınmasını elan edən qurumlar:
- Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu - 46435,95 manat
- Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti - 8625,12 manat,
- İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi - 23000,56 manat,
- Sanator-Kurort Reabilitasiya Mərkəzi - 28050 manat,
- Dövlət Dəniz və Liman Agentliyi - 10158,05 manat,
- Dövlət İmtahan Mərkəzi - 81995,25 manat,
- Azəridmanservis MMC və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi - 102.276,50 manat.
Satınalmalar əsasən 18–20 litrlik dispenserlər üçün nəzərdə tutulmuş qablaşdırılmış içməli suyu əhatə edir. Bu isə o deməkdir ki, qeyd olunan qurumlar gündəlik istifadə üçün hazır qablaşdırılmış məhsula üstünlük verirlər.
Qeyd edək ki, ölkədə mərkəzləşdirilmiş içməli su şəbəkələrinin təchizatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir. Yəni inzibati binalar və dövlət qurumları şəbəkə suyu ilə təmin olunsa da, bir çox hallarda əməkdaşların istifadəsi üçün əlavə olaraq qablaşdırılmış su alınır.
Müşahidələr göstərir ki, içməli su üzrə tenderlərin intensivləşməsi dövlət qurumlarında bu məhsula sabit və davamlı tələbat formalaşıb. Xüsusilə ofis və inzibati binalarda əməkdaşların gündəlik su təminatı üçün iri həcmli qablaşdırılmış sudan istifadə geniş yayılıb.
MONETAR.AZ