İlon Maskın qalmaqallı davranışları Teslaya marağı azaldıb

Teslanın səhmləri bu ilin əvvəlindən bu günə qədər 18 faiz ucuzlaşıb. Şirkət son dövrlərdə satışlarda tənəzzül yaşayır. ABŞ və Avropada bir çox alıcı artıq Teslaya əvvəlki qədər maraq göstərmir. Bu vəziyyətdə şirkətin rəhbəri İlon Maskın qalmaqallı və qeyri-sabit davranışları da rol oynayır.
Hazırda Teslanın bazar dəyəri 1 trilyon dollardan çoxdur. Lakin bir çox analitik bu qiymətin reallığı əks etdirmədiyini düşünür. Şirkətin gəlirləri son bir ildə 3 faiz azalıb, amma dəyəri hələ də sürətlə böyüyən bir şirkət kimi qiymətləndirilir.
Müqayisə üçün, süni intellekt sahəsində fəaliyyət göstərən və son bir ildə gəlirini 86 faiz artıran Nvidianın bazar dəyəri Tesla-dan 4 dəfə böyükdür, amma onun qazanc nisbəti daha aşağıdır. Apple və Meta kimi texnologiya nəhəngləri də sabit gəlir artımı göstərsə də, onların bazar dəyərləri daha realdır.
Avtomobil sektorunda isə General Motors və Çinli BYD kimi şirkətlər daha aşağı qiymətləndirilsə də, onların satışları artır.
Teslanın texnoloji üstünlüyü əvvəlki qədər güclü deyil. Çin və Avropa istehsalçıları texnologiya və dizayn baxımından Teslaya çatmağa, bəzən isə onu geridə qoymağa başlayıblar.
MONETAR.AZ