Kürdəmirdə 6 manatlıq şirkətə yarım milyonluq iş tapşırıldı

Kürdəmir Rayon İcra Hakimiyyətinin şəhərdaxili yolların əsaslı təmiri üçün keçirdiyi tenderin nəticələri açıqlandı. Tenderin qalibi – “Muğan-KİTT” MMC – 435 098 manatlıq dövlət sifarişini yerinə yetirəcək. Təmir işləri P.Qəribov, S.Mehmandarov, Q.Nəbi və Aşıq Şakir küçələrində aparılacaq.
Sadə bir məlumat kimi görünə bilər. Amma tenderin detalları araşdırıldıqda bəzi məqamlar suallar doğurur.
FED.az-ın məlumatına görə, tenderin qalibi olan “Muğan-KİTT” MMC 2005-ci ildə yaradılıb və onun nizamnamə kapitalı cəmi 6 AZN-dir. Şirkət rəsmi olaraq riskli vergi ödəyicisi hesab olunmur, lakin 2 523,39 manat məbləğində vergi borcu mövcuddur.
Vergi borcunun özü dövlət satınalmalarında iştirak üçün hüquqi əngəl sayılmasa da, burada məntiqli sual yaranır: 435 min manatlıq dövlət sifarişi alan bir şirkət, niyə bu cüzi vergi borcunu ödəməyib?
Bu məbləğ – 2 523 manat – bəlkə də şirkət üçün kiçik görünə bilər. Amma məhz bu cür borclar bəzən cəmiyyətin diqqətini daha çox çəkir. Çünki söhbət böyük maliyyə göstəricilərindən deyil, aydın məsuliyyət və şəffaflıq məsələsindən gedir.
Mövcud qanunvericilik, əhəmiyyətsiz sayılan vergi borclarının (müəyyən həddi keçməyən) şirkətlərin tenderlərdə iştirakına tam olaraq əngəl törətmədiyini göstərir.
Bəzən cəmiyyətdə narazılıq doğuran hallar, məbləğlərdən çox əlaqəli məntiqin olmamasıdır. 2 523 manatlıq vergi borcu, 435 min manatlıq dövlət sifarişi və 6 manatlıq nizamnamə kapitalı arasında yaranan bu ziddiyyət, sadə vətəndaş üçün haqlı suallar doğurur:
-
Əgər borcu olan və az kapitallı şirkət bu qədər böyük tenderləri qazana bilirsə, digərləri niyə iştirak etmir?
-
Tenderlərdə şəffaflıq və etibarlılıq necə təmin olunur?
Bu məqalə sual qoyur, cavab isə – aidiyyəti qurumların və təftiş mexanizmlərinin öhdəsinə düşür.
MONETAR.AZ