İtalyan avtomobil istehsalçısı İsveçrənin Bianchet firması ilə əməkdaşlıq edərək brendin məşhur üçdişli (trident) embleminin 100 illiyinə həsr olunmuş yeni saat modeli hazırlayıb. Buraxılış cəmi 100 ədəd ilə məhdudlaşdırılıb və qiymət 75,5 min İsveçrə frankından başlayır. Bu məbləğ demək olar ki, yeni Maserati Grecale krossoverinin qiymətinə bərabərdir.
“UltraFino Maserati Flying Tourbillon” adlanan saat dizayn baxımından brendin avtomobillərinə istinad edir: skeletonlaşdırılmış siferblat MCPura modelinin disklərini xatırladır, rəng çalarları isə keçən il Goodwood-da təqdim olunan superkardan ilhamlanıb. Karbon lifli korpus 9,9 mm qalınlığındadır və yüksək möhkəmlikli monokok konstruksiyanı xatırladır.
Saatın içində cəmi 3,85 mm qalınlığında Bianchet UT01 mexanizmi yerləşir. O, 5000G-yə qədər zərbəyə davamlılıq, 60 saat enerji ehtiyatı və 3 Hz tezlikdə işləyən “uçan turbyon” sistemi ilə seçilir. Mexanizm 225 hissədən və 29 daşdan ibarətdir, saatın çəkisi isə cəmi 36 qramdır.

MONETAR.AZ