Yaxın Şərqin varlıları Avropada elit daşınmaz əmlak alırlar

Yaxın Şərqin varlıları Avropada

Yaxın Şərq ölkələrinin varlı vətəndaşları Avropada elit daşınmaz əmlak axtarışını kəskin şəkildə artırıblar. Regionda uzanan müharibə həm qısamüddətli kirayəyə, həm də uzunmüddətli köç üçün mənzil alışına tələbi ciddi şəkildə yüksəldib.

Rieltorlar London, Monako, İsveçrə və İspaniyanın məşhur kurortu Marbella kimi məkanlarda böyük maraq müşahidə edildiyini bildirirlər. Müştərilər arasında multimilyonçu treyderlərdən tutmuş top-menecerlərin ailələri və influenserlərə qədər geniş auditoriya var. Onlar ya münaqişə dövrünü təhlükəsiz yerdə keçirmək, ya da tamamilə Avropaya köçmək istəyirlər.

Əvvəllər kapitalını Fars Körfəzi regionunun daşınmaz əmlak bazarına yönəltməyi planlaşdıran investorlar indi alternativ bazarları araşdırırlar. Müharibə artıq ikinci aya keçdiyi üçün risklər daha aydın hiss olunur.

Son illərdə Dubay və Abu Dabi kimi şəhərlər vergisiz gəlirlər, yüksək həyat səviyyəsi və komfortlu mühit sayəsində xarici mütəxəssislər üçün cəlbedici mərkəzlərə çevrilmişdi. Lakin müharibə bu “sabitlik oazisi” imicinə ciddi zərbə vurub.

Ekspertlərin sözlərinə görə, alıcılar daha çox kurort tipli yaşayış komplekslərinə üstünlük verirlər. Bu obyektlərdə konsyerj xidməti, idman zalları və restoranlar kimi imkanlar olur və Yaxın Şərqdəki həyat tərzini xatırladır.

Hazırkı vəziyyət xüsusilə yüksək maaşlı peşəkarlar üçün çətin seçim yaradır. Onların bir çoxu artıq Yaxın Şərqdə məskunlaşmışdı və indi qeyri-müəyyənlik fonunda qərar verməyə məcburdur. İlkin mərhələdə isə daha çox kirayə variantlarına üstünlük verilir.

Bazarın istiqaməti də dəyişir: bir neçə ay əvvəl Dubay Avropa ölkələrindən kapital axınının əsas benefisiarı idisə, indi tendensiya əksinə dönüb. Varlı alıcılar İtaliya, İspaniya və Portuqaliya kimi Cənubi Avropa ölkələrinə də maraq göstərirlər. Bu ölkələr əlverişli vergi rejimi və rahat iqlimi ilə seçilir.

MONETAR.AZ