Yapon avtomobil istehsalçısı Nissan üçüncü nəsil Nissan Juke krossoverini nümayiş etdirib. Model gələn ilin yazında Avropa bazarında satışa çıxarılacaq və yalnız tam elektrik mühərriki ilə təklif olunacaq. Bununla yanaşı, mövcud hibrid versiya da paralel şəkildə satışda qalacaq.
Yeni Juke-un istehsalı Böyük Britaniyanın Sanderlend şəhərində yerləşən zavodda təşkil ediləcək.
Şirkətin təqdim etdiyi görüntülərə əsasən, modelin dizaynı konsept avtomobili xatırlatsa da, artıq seriya istehsalına hazır formadadır. Eksteryerdə kəskin və bucaqlı xətlər üstünlük təşkil edir. Bu üslub faralarda və qanadlarda da öz əksini tapıb. Əvvəlki nəsildə olduğu kimi, arxa qapı tutacaqları yenə də sütunlarda yerləşdirilib.
Texniki xüsusiyyətlər hələ açıqlanmayıb. Ehtimallara görə, yeni Juke Renault Scenic E-Tech, Alpine A390 və Nissan Ariya ilə eyni platformada qurulacaq. Batareya paketlərinin isə Nissan Leaf modelindən götürülərək 52 kVt·s və 75 kVt·s tutumlarında olacağı gözlənilir.