Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, Mərkəz tərəfindən 2026-cı ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib.
14 aprel 2026-cı il tarixindən başlayan təlimlər 17 aprel 2026-cı il tarixinədək Zaqatala, Balakən, Qax rayonlarında və Şəki şəhərində təşkil olunacaq.
Bu gün Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Ünsiyyət bacarıqlarının inkişafı”,”Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.
Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.
MONETAR.AZ