Ötən il ən çox dəyər itirən qlobal brendlər açıqlanıb

Ötən il ən çox dəyər itirən

Dünyanın ən dəyərli 100 brendi arasında ötən il ən çox dəyər itirən şirkətlərin siyahısı açıqlanıb. Araşdırmaya görə, ən böyük azalma elektrik avtomobil istehsalçısı Tesla brendində qeydə alınıb.

Məlumata əsasən, şirkətin brend dəyəri bir il ərzində təxminən 15 milyard dollar azalaraq 43 milyard dollardan 28 milyard dollara düşüb. Ekspertlər bu geriləməni şirkət ətrafında yaranan mübahisələr və istehlakçıların etimadının azalması ilə əlaqələndirirlər.

Araşdırma Brand Finance şirkətinin 2026-cı il üçün hazırladığı “Global 500” hesabatına əsaslanır. Hesabatda brend dəyəri marketinq investisiyaları, brend gücü və maliyyə göstəricilərinin kombinasiyası əsasında qiymətləndirilir.

Siyahıda ikinci yerdə Çinin Kənd Təsərrüfatı Bankı qərarlaşıb. Bankın brend dəyəri təxminən 7 milyard dollar azalaraq 63 milyard dollar səviyyəsində qiymətləndirilib.

Sonrakı yerlərdə isə avtomobil istehsalçıları Mersedes-Benz və Porşe yer alıb. Hər iki brendin dəyəri ötən il təxminən 6 milyard dollar azalıb.

Siyahıda həmçinin Xfinity, Lui Vitton, Mitsubishi, Chanel, Çin Dövlət Tikinti Mühəndisliyi Korporasiyası və CVS Health kimi tanınmış şirkətlər də yer alıb. Bu brendlərin hər birinin dəyəri son bir ildə 3–5 milyard dollar aralığında azalıb.

Analitiklər qeyd edirlər ki, siyahıda avtomobil şirkətlərinin üstünlük təşkil etməsi qlobal avtomobil sektorunda baş verən dəyişikliklərlə bağlıdır. Elektrik avtomobillərinə keçid, iqtisadi qeyri-müəyyənlik və təchizat zəncirindəki problemlər sektorun brend dəyərlərinə təsir göstərən əsas amillər hesab olunur.

MONETAR.AZ