Forbes tərəfindən yayımlanan Milyarderlər Siyahısına gör dünya üzrə milyarder sayı 3 428-ə çatıb və onların ümumi sərvəti 20,1 trilyon dolları ötüb. Siyahıda İlon Mask 839 milyard dollar sərvəti ilə liderdir.
Siyahıya daxil olan milyarderlərin sayı ötən ilə nisbətən 400 nəfər artaraq rekord səviyyəyə çatıb. Sərvətin sürətlə artması isə süni intellekt sahəsindəki sürətli inkişaf, maliyyə bazarlarının aktivliyi və əlverişli maliyyə siyasətləri ilə izah olunur.
İlon Mask ikinci il ardıcıl olaraq siyahının başında yer alıb. Tesla, SpaceX, X və xAI kimi şirkətlərin sahibi olan Mask, sərvətini təxminən yarım trilyon dollar artıraraq 839 milyard dollara çatdırıb və dünyanın ilk trilyoneri olmaq yolunda irəliləyir.
İkinci sırada Lerri Pej 257 milyard dollar, üçüncü sırada isə Sergey Brin 237 milyard dollar sərvət ilə qərarlaşıb. Siyahıda Ceff Bezos 224 milyard dollar, Mark Zukerberq isə 222 milyard dollar sərvət ilə dördüncü və beşinci yerlərdədir.
ABŞ Prezidenti Donald Trampın sərvəti kripto əməliyyatları və məhkəmə qərarları sayəsində 6,5 milyard dollara yüksəlmiş və o, siyahıda 645-ci yerdə qərarlaşmışdır.
Bu il siyahıda həmçinin musiqiçi Dr. Dre, ifaçı Beyons Noulz-Karter və tennis əfsanəsi Rojer Federer kimi məşhur şəxslər də yer alıb.
Siyahıda 30 yaşdan aşağı 35 milyarder var və ən gənc milyarder 20 yaşlı braziliyalı Ameli Voigt Trejesdir. Ən yaşlı milyarder isə 104 yaşlı Corc Cozefdir.
Milyarderlərin əksəriyyəti kişi olsa da, 481 qadın milyarder siyahıda yer alıb ki, bu da ümumi siyahının 14%-ni təşkil edir. ABŞ 989 milyarder ilə ən çox milyardere sahib ölkədir, ABŞ-ı 610 milyarder ilə Çin və 229 milyarder ilə Hindistan izləyir.
MONETAR.AZ