Dünyanın iki texnologiya nəhəngi – “Apple” və “Google” şirkətləri süni intellekt (AI) sahəsində çoxillik strateji tərəfdaşlığa başladıqlarını elan ediblər. Bu tarixi saziş texnologiya bazarında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
Şirkətlərin yaydığı birgə bəyanata əsasən, “Apple”ın yeni nəsil “Apple Foundation Models” (Apple Baza Modelləri) strukturunun “Google”un “Gemini” süni intellekt modeli və bulud hesablamaları (Cloud Computing) infrastrukturu üzərində qurulması qərara alınıb.
Yeni tərəfdaşlıq çərçivəsində hazırlanan modellərin bu il ərzində istifadəyə verilməsi planlaşdırılır. Bildirilib ki, bu texnologiya daha çox fərdiləşdirilmiş “Siri” səsli köməkçisi də daxil olmaqla, gələcək “Apple Intelligence” funksiyalarının əsas hərəkətverici qüvvəsi olacaq.
“Apple” nümayəndələri qeyd ediblər ki, hərtərəfli qiymətləndirmə prosesindən sonra “Google”un süni intellekt texnologiyasının “Apple Foundation Models” üçün ən səlahiyyətli və güclü infrastrukturu təmin etdiyi qənaətinə gəlinib. Vurğulanıb ki, bu əməkdaşlıq istifadəçilər üçün innovativ və unikal təcrübələrin qapısını açacaq.
Yeni tərəfdaşlığa baxmayaraq “Apple” istifadəçi məlumatlarının qorunmasına dair öz ciddi prinsiplərinə sadiq qalacağını bəyan edib. “Apple Intelligence” funksiyalarının şirkətin “sahə lideri olan məxfilik standartları” çərçivəsində çalışacağı, əməliyyatların həm cihaz daxilində, həm də “Apple”a məxsus özəl bulud infrastrukturunda həyata keçiriləcəyi bildirilib.
Bu strateji tərəfdaşlıq xəbəri birja bazarlarında böyük rezonans doğurub. Xəbərin yayılmasından dərhal sonra “Google”un ana şirkəti olan “Alphabet”in səhmləri kəskin bahalaşıb və şirkətin bazar dəyəri qısa müddət ərzində 4 trilyon dollar həddini keçib.
Bununla da “Alphabet” şirkəti “Nvidia”, “Microsoft” və “Apple”dan sonra bu maliyyə zirvəsinə çatan dünyada dördüncü şirkət olaraq tarixə düşüb. Ekspertlər bu əməkdaşlığın hər iki texnologiya nəhənginin gələcək rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağını proqnozlaşdırırlar.
MONETAR.AZ