İyul ayında dünyada ərzaq bahalaşıb

İyul ayında dünyada
8 Avqust 2025 15:56

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2025-ci ilin iyul ayı üçün təqdim etdiyi məlumatlara görə,qlobal ərzaq qiymətlərində son aylardakı artım tendensiyası davam edib.

FAO Qida Qiymət İndeksi (FFPI) iyul ayında 130,1 bal səviyyəsinə yüksəlib və iyun ayına nisbətən 1,6% artım göstərib. Bu göstərici ilə indeks ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % artıb. Lakin hələ də 2022-ci ilin mart ayındakı rekord səviyyəsindən 18,8 % aşağıdır.

Bu artım əsasən ət və bitki yağlarının qiymətlərindəki ciddi yüksəlişlə bağlı olub. Eyni zamanda, taxıl, süd məhsulları və şəkərin qiymətləri  azalıb.

Bitki yağı qiymətləri 3 illik zirvədə

FAO Bitki Yağı Qiymət İndeksi iyul ayında 7,1 % artaraq 166,8 bal olub və son üç ilin ən yüksək səviyyəsinə çatıb. Palma, soya və günəbaxan yağı qiymətlərinin artması, kolza yağındakı enişi tamamilə kompensasiya edib. Qara dəniz regionunda günəbaxan yağı təklifinin azalması, soya yağının qiymətinin isə Amerika qitəsində bioloji yanacaq tələbinin artması ilə yüksəlməsi müşahidə edilib.

Ət qiymətlərində tarixi rekord

FAO Ət Qiymət İndeksi iyulda 1,2% artaraq 127,3 bala çatıb və tarixində ən yüksək səviyyəni görüb. Mal və qoyun əti qiymətlərindəki kəskin yüksəliş, quş ətində isə cüzi artım bu artıma səbəb olub. Avstraliya, Braziliya, Çin və ABŞ-dan gələn güclü tələbat ixrac təklifini üstələdiyi üçün mal ətinin qiymətləri rekord səviyyəyə çatıb. Qoyun ətinin qiyməti isə dördüncü aydır ki, ardıcıl olaraq yüksəlir.

Taxıl qiymətlərində eniş

FAO Taxıl Qiymət İndeksi iyulda 0,8% azalaraq 106,5 bala düşüb. Bu enişin əsas səbəbi payızlıq buğda məhsulunun bazara çıxarılması ilə təklifin artmasıdır. Bununla belə Şimali Amerikada yazlıq buğdanın zəif məhsuldarlığı və bəzi bölgələrdə istehsalçıların satışa marağının az olması, qiymətlərin daha da düşməsinin qarşısını alıb.

Süd məhsulları və şəkər qiymətləri

 FAO Süd Məhsulları Qiymət İndeksi iyulda 0,1% azalaraq 155,3 bal olub. Bu, 2024-cü ilin aprel ayından bəri ilk enişdir. Yağ və süd tozu qiymətlərinin düşməsi pendir qiymətlərindəki artımla tarazlaşıb.

FAO Şəkər Qiymət İndeksi beşinci aydır ki, enişdədir və iyulda 0,2 % azalaraq 103,3 bal təşkil edib. Hindistan və Taylandda gözlənilən yüksək istehsal və Braziliyadakı əlverişli hava şəraiti şəkər qiymətlərinin aşağı düşməsinə səbəb olsa da, qlobal tələbatın artması enişi məhdudlaşdırıb.

MONETAR.AZ


Oxşar xəbərlər