Sığorta şirkətlərində xərclərin böyük hissəsi hara gedir?

Sığorta şirkətlərində xərclərin
8 Avqust 2025 14:33

Azərbaycanda sığorta və təkrarsığorta təşkilatlarının fəaliyyət xərcləri haqqında verilmiş məlumatlar sektorun maliyyə dinamikası ilə bağlı maraqlı bir mənzərəni ortaya qoyur.

Hesabat dövründə ümumi xərclərin həcmi 64,8 milyon manat təşkil edib. Bu xərclərin strukturunda ən böyük payı işçi heyəti ilə bağlı xərclər tutur. Belə ki, sektorun ən böyük xərc maddəsi 23,99 milyon manat (37%) ilə əməkhaqqı olub.

İkinci ən böyük xərc maddəsi isə 11,88 milyon manat (18.3%) ilə sığorta agentlərinə ödənilən komisyon mükafatlarıdır. Bu iki xərc maddəsini birlikdə nəzərə aldıqda, ümumi xərclərin 55 %-dən çoxunun personalın və satış şəbəkəsinin fəaliyyətinin təmin edilməsinə yönəldildiyi görünür. 

Əməkhaqqına paralel olaraq sosial fondlara ayrılan 4,03 milyon manat (6,2 %) vəsait də personal xərclərinin tərkib hissəsidir. Sığorta şirkətlərinin fəaliyyətində əməliyyat xərcləri də əhəmiyyətli yer tutur.

Ümumi 6,67 milyon manat (10,3 %) məbləğində olan əməliyyat xərcləri iş prosesinin idarə edilməsi üçün vacibdir. Ofis və filial şəbəkələrinin saxlanması üçün ayrılan 2,22 milyon manat (3,4 %) icarə ödəmələri də xərclərin əhəmiyyətli bir hissəsini təşkil edir.

Hesabatda bəzi xərc maddələrinin payı isə çox kiçikdir. Məsələn, 870 min manat (1,4 %) məbləğində olan reklam xərcləri, sığorta bazarı üçün gözləniləndən daha aşağıdır. Həmçinin, işçilərin ixtisas artırmasına çəkilən 440,2 min manat (0,7 %) xərc aşağı qiymətləndirilir

MONETAR.AZ


Oxşar xəbərlər