Avropa İttifaqı (AB) enerji təchizatında ciddi çətinliklərlə üzləşib. 2026-cı ilin sərt qışı və İran müharibəsi regionda qaz və neft bazarlarını gərginləşdirib. Politico məlumatlarına görə, qış mövsümünün sonuna yaxın Avropa qaz anbarları “ənənəvi səviyyədən aşağı” düşüb, orta qaz qiyməti 1000 kubmetr üçün 800 ABŞ dollarına çatıb.
Beynəlxalq enerji bazarlarında vəziyyət daha da mürəkkəbləşib. İran müharibəsi və Hörmüz boğazında yaranmış gərginlik qlobal neft axınlarını pozub. Brent markalı neftin qiyməti ilk dəfə 2022-ci ildən bəri 100 dolları keçib. Analitiklər bildirirlər ki, Avropada fiziki neft çatışmazlığı hələ yoxdur, lakin qaz anbarları və LNG terminaları gərgin vəziyyətdədir. Əsas problem yaxın aylarda gələn qışa qədər anbarların doldurulmasıdır.
Rusiyanın rolu bu vəziyyətdə diqqət çəkir. Prezident Vladimir Putin neft hasilatının yaxın aylarda tam dayanma riski ilə üzləşdiyini bildirərək Kremlin Avropa ilə əməkdaşlığa açıq olduğunu vurğulayıb. ABŞ Prezidenti Donald Trump isə anti-Rusiya sanksiyalarının yumşaldılmasına imkan verə biləcəyini açıqlayıb.
AB daxilində mövqelər fərqlidir. Macarıstan Baş naziri Viktor Orban və Slovakiya Baş naziri Robert Fico Rusiyadan enerji idxalına qoyulmuş sanksiyaların dayandırılmasını və “Družba” boru kəməri ilə neft tədarükünün bərpasını tələb edir. Eyni zamanda AB Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, Rusiyadan neft və qaz idxalına qayıtmaq strateji səhv olardı, çünki Avropa hələ də qeyri-sabit regionlardan enerji asılıdır və bu, daim yüksək maliyyət deməkdir. Məsələn, Hörmüz boğazındakı münaqişənin on günündə qaz qiymətləri 50%, neft qiymətləri isə 27% artaraq Avropa vergi ödəyicilərinə əlavə 3 milyard avro yük gətirib.
2022-ci ildən sonra AB enerji balansını dəyişərək Rusiyadan qaz idxalının payını 10–13%-ə, neft payını isə simvolik səviyyəyə endirib. Hazırda birbaşa neft tədarükü demək olar ki, yalnız “Družba” boru kəməri vasitəsilə Macarıstana və Slovakiyaya həyata keçirilir və bu ölkələr müvəqqəti istisnalar əldə ediblər.
AB hazırda qürur və prinsiplərini qorumaqla yanaşı, iqtisadi mənafelərini də nəzərə almaq məcburiyyətindədir. Analitiklər hesab edir ki, yaxın aylarda Avropa üçün əsas məsələ enerji anbarlarını doldurmaq və qış mövsümünə hazırlıq olacaq. Bu isə bəzən Rusiyadan müəyyən tədarükün bərpasını zəruri edə bilər.
Enerji böhranı Avropanı çətin seçim qarşısında qoyur: qürur və prinsipləri qoruyaraq Rusiyadan enerji idxalını məhdudlaşdırmaq, yoxsa iqtisadi mənafelər üçün müəyyən kompromislərə getmək. Nəticə isə həm AB, həm də qlobal bazarlar üçün kritik olacaq.
MONETAR.AZ