Dünya birjalarında benzin fyuçerslərinin qiyməti artaraq Nyu-York limanı üzrə bir qallon üçün 2,7 ABŞ dollarını keçib. Beləliklə, qiymətlər martın 9-da qeydə alınmış və təxminən 2,95 dollar təşkil edən son dörd ilin maksimum səviyyəsinə yaxınlaşıb.
Ekspertlərin fikrincə, qiymət artımının əsas səbəbi Fars körfəzi regionunda davam edən hərbi qarşıdurma nəticəsində enerji tədarükünün məhdudlaşmasıdır. Gərginlik fonunda İranın hücumlarının intensivləşməsi və ABŞ qüvvələrinin cavab zərbələri münaqişənin qısa müddətdə başa çatacağına dair ümidləri azaldıb.
Təhlükəsizlik riskləri səbəbindən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyndə bəzi əsas neft emalı zavodlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Bu vəziyyət qlobal bazarda neft emalı marjasının kəskin artmasına səbəb olub.
Bundan əlavə, tankerlər təhlükəsizlik riskləri səbəbindən Hörmüz boğazından keçməkdən çəkinir və nəticədə Fars körfəzi regionundan xam neft və neft məhsullarının ixracı müvəqqəti dayandırılıb.
Qiymət artımını müəyyən qədər məhdudlaşdıran amillərdən biri isə Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin strateji ehtiyatlardan 400 milyon barel neftin bazara buraxılması barədə razılığa gəlməsidir.
Eyni zamanda, ABŞda neft ehtiyatlarının ötən həftə 3 milyon bareldən çox azalması qeydə alınıb ki, bu da ötən ilin oktyabr ayından bəri ən böyük azalma hesab olunur.
MONETAR.AZ