Dünyada bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış güc ötən ilin sonunda rekord səviyyəyə çataraq 5,15 teravatı keçib. Beləliklə, 2030-cu il üçün müəyyən edilmiş 11,17 teravatlıq qlobal təmiz enerji hədəfinin təxminən yarısına nail olunub.
Beynəlxalq hesabatlara əsasən, bu hədəf Birləşmiş Millətlər Təşkilatının Dubay şəhərində keçirilən COP28 İqlim Dəyişikliyi Konfransında müəyyənləşdirilmişdi.
Məlumata görə, ötən il bərpa olunan enerji gücünə ən böyük töhfəni günəş enerjisi verib. Bu sahədə 511 giqavat yeni güc istifadəyə verilib. Rüzgar enerjisi isə 159 giqavat əlavə güclə ikinci yerdə qərarlaşıb. Hər iki mənbə ümumi artımın 97 faizini təşkil edib.
Qalan artım hidroenerji, bioenerji və geotermal enerji kimi digər bərpa olunan mənbələrin payına düşüb.
Mütəxəssislər bildirirlər ki, nəqliyyat, sənaye, tikinti və rəqəmsallaşma sahələrində enerji tələbatının sürətlə artması enerji keçidini daha da sürətləndirir. Son illərdə günəş və rüzgar texnologiyalarının ucuzlaşması, quraşdırma proseslərinin sadələşməsi və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar bu sahəyə yatırımları artırıb.
Xüsusilə günəş enerjisi hazırda dünyanın bir çox ölkəsində yeni fosil yanacaq elektrik stansiyalarından daha sərfəli hesab olunur. Bu səbəbdən dövlət və özəl sektor investisiyalarının böyük hissəsi təmiz enerji layihələrinə yönəlir.
Ekspertlərin qənaətinə görə, günəş enerjisi hazırda ən sürətli və ən ucuz əlavə enerji gücü mənbəyi olaraq qlobal enerji transformasiyasının əsas hərəkətverici qüvvəsinə çevrilib.
MONETAR.AZ