Yaponiya hökuməti Yaxın Şərqdə davam edən münaqişə fonunda enerji təchizatı ilə bağlı qeyri-müəyyənliyi azaltmaq üçün may ayında əlavə neft ehtiyatlarını bazara çıxarmağa hazırlaşır.
Baş nazir Sanae Takaichi bildirib ki, dövlət ehtiyatlarının buraxılması mayın əvvəlindən başlanacaq. Bu addım ötən ay həyata keçirilmiş ilk mərhələdən sonra ikinci belə tədbir olacaq.
Mart ayında Yaponiya artıq təxminən 50 günlük istehlaka bərabər neft ehtiyatlarını istifadə edib. Bu həcmlər dövlət ehtiyatları ilə yanaşı, özəl sektorun rezervlərini və Fars körfəzi ölkələrində saxlanılan ehtiyatları da əhatə edib.
Rəsmi məlumatlara görə, 6 aprel tarixinə Yaponiya ümumilikdə 230 günlük neft ehtiyatına malikdir. Bunun 143 günü məhz dövlət ehtiyatlarının payına düşür.
Bu qərar qlobal enerji bazarında risklərin artdığı və əsas nəqliyyat marşrutlarında, xüsusilə də Hörmüz boğazı ətrafında vəziyyətin qeyri-sabit qaldığı bir dövrdə qəbul olunub.
MONETAR.AZ