Sentyabrın 15-i Azərbaycan tarixinin mühüm günlərindən biridir. 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusunun iştirakı ilə bolşevik və digər silahlı qüvvələrdən azad edilib.
Monetar.az xatırladır ki, Bakının azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu xüsusi rol oynayıb. Ordunun tərkibində Osmanlı və Azərbaycan hərbçiləri yer alıb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra Bakı işğal altında olduğuna görə milli hökumət fəaliyyətini müvəqqəti olaraq Gəncədə davam etdirib. Hökumətin əsas məqsədlərindən biri paytaxt Bakının azad edilməsi olub.
Bu məqsədlə Osmanlı dövləti Azərbaycana hərbi yardım göstərib. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının azad edilməsi istiqamətində hərbi əməliyyatlara başlayıb.
1918-ci il sentyabrın 15-də gedən döyüşlər nəticəsində Bakı azad edilib. Bundan iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçüb.
Bakının azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin olunması və milli hökumətin paytaxtda fəaliyyət göstərməsi baxımından mühüm tarixi hadisə hesab olunur.