“Reuters”in bu gün etibarlı mənbəyə istinadən yaydığı xəbərə görə, Cənubi Koreyanın “SK Hynix” şirkəti tarixində ilk dəfə ABŞ-də yaddaş çiplərinin istehsalına başlamaq məqsədilə “Intel” ilə danışıqlar aparır.
Müzakirə olunan variantlardan birinə əsasən, “SK Hynix” “Intel”in ABŞ-nin Ohayo ştatında inşa etməyi planlaşdırdığı zavodun bir hissəsini icarəyə götürə bilər. Digər ssenari isə iki şirkətin iri bulud xidmətləri provayderlərinin iştirakı ilə birgə müəssisə yaratmasını nəzərdə tutur. Bu modeldə əsas məqsəd süni intellekt və məlumat mərkəzləri üçün artan yaddaş tələbatını qarşılamaqdır.
Xəbərin yayılmasından sonra “SK Hynix”in səhmləri 2,7% bahalaşaraq 1 735 000 vona yüksəlib. Bununla da şirkətin səhmləri 1% artan “KOSPI” indeksinin ümumi dinamikasını üstələyib.
“Reuters”in mənbələri danışıqların hələ ilkin mərhələdə olduğunu və tərəflərin hər hansı yekun qərar qəbul etmədiyini bildiriblər. Ohayo zavodunda hansı növ yaddaş çiplərinin istehsal ediləcəyi də hələ müəyyənləşdirilməyib. “SK Hynix” hazırda DRAM və NAND flash yaddaş çipləri istehsal edir və süni intellekt prosessorlarında geniş istifadə olunan yüksək ötürmə qabiliyyətli yaddaşın (HBM) əsas istehsalçılarından biridir.
Mənbələrin sözlərinə görə, HBM və ya DRAM kimi qabaqcıl yaddaş texnologiyalarının ABŞ-də istehsalına başlanılması Seulun müəyyən müqaviməti ilə qarşılaşa bilər. Buna səbəb həmin texnologiyaların Cənubi Koreya üçün milli əhəmiyyət daşıyan və strateji baxımdan həssas texnologiyalar hesab edilməsidir.
Cənubi Koreyanın Ticarət Nazirliyi yekun qərarın “SK Hynix”ə aid olduğunu açıqlayıb. Bununla belə, milli əhəmiyyətli texnologiyalara aid layihələrin Sənaye Texnologiyalarının Mühafizəsi Qanununa uyğun olaraq dövlət tərəfindən nəzərdən keçirilə biləcəyi bildirilib.
Danışıqlar ABŞ administrasiyasının yarımkeçirici şirkətlərini ölkə daxilində istehsalı genişləndirməyə təşviq etdiyi bir vaxtda aparılır. Süni intellekt və məlumat mərkəzlərinə olan tələbatın sürətlə artması yaddaş çipləri bazarında təchizat imkanlarına təzyiqi artırıb. ABŞ-də istehsal xərclərinin Cənubi Koreya ilə müqayisədə daha yüksək olmasına baxmayaraq, “SK Hynix” müştərilər və hökumətlər tərəfindən Amerika bazarındakı istehsal imkanlarını genişləndirməyə çağırılır.
Şirkət bu yaxınlarda “Nasdaq”da ikinci dərəcəli listinq prosesini tamamlayıb. Bundan başqa, “SK Hynix” İndiana ştatında çiplərin qablaşdırılması üzrə zavod tikir. Şirkətin İdarə Heyətinin sədri Çey Tə-von iyul ayında açıqlamışdı ki, “SK Hynix” imkan yaranan kimi ABŞ-də çip istehsalı zavodu inşa etməlidir.
“Intel” isə Ohayodakı layihənin həyata keçirilməsinə dair öhdəlik götürüb. Lakin tikinti işlərində yaranan gecikmələr səbəbindən zavodda istehsalın başlanması 2030–2031-ci illərə təxirə salınıb. “SK Hynix” ilə mümkün razılaşma “Intel”in üzərinə düşən maliyyə yükünün müəyyən hissəsini azaltmağa imkan verə bilər.
MONETAR.AZ