“Apple” şirkəti sentyabrın 14-də mobil əməliyyat sisteminin yeni versiyası olan iOS 27-ni istifadəyə verib. Yeni sistem artıq iPhone 11 və daha yeni modellərin istifadəçiləri üçün əlçatandır.
iOS 27-də əsas yeniliklərdən biri əməliyyat sisteminin vizual görünüşünün yenilənməsi və fərdiləşdirmə imkanlarının genişləndirilməsidir. İstifadəçilər xüsusi sürüşdürmə paneli vasitəsilə “Liquid Glass” effektinin şəffaflıq səviyyəsini öz seçimlərinə uyğun tənzimləyə biləcəklər.
Yeni versiyada valideyn nəzarəti imkanları da genişləndirilib. Bu funksiyalar uşaqların müxtəlif rəqəmsal təhlükələrdən qorunması üçün cihaz və tətbiqlər üzərində daha ətraflı nəzarət yaratmağa imkan verir.
“Apple” həmçinin iOS 27-nin performans baxımından optimallaşdırıldığını bildirir. Şirkətin məlumatına görə, bir sıra tətbiqlər əvvəlki versiyalarla müqayisədə 70 faizə qədər daha sürətli işə düşə biləcək.
Əməliyyat sisteminin digər mühüm yeniliyi süni intellekt funksiyalarının genişləndirilməsi olub. “Apple” səsli köməkçinin yeni versiyası olan “Siri AI” funksiyasını təqdim edib. Yeni sistem istifadəçinin sorğularının kontekstini daha yaxşı anlayır və bunun sayəsində əvvəlki “Siri” versiyalarının öhdəsindən gəlməkdə çətinlik çəkdiyi daha mürəkkəb tapşırıqları yerinə yetirə bilir.
Bununla belə, “Siri AI” funksiyasının istifadəsində coğrafi və dil məhdudiyyətləri mövcuddur. Yeni imkan hazırda Avropa, Çin və Rusiyada əlçatan deyil və yalnız ingilis dilini dəstəkləyir.