Çində duz mağaralarında yerləşən dünyanın ən böyük sıxılmış hava enerji saxlama sistemi (CAES) istismara hazırlıq mərhələsində mühüm sınaqdan keçib. Çin mediası layihənin istifadəyə verildiyini daha əvvəl bildirsə də, bu miqyasda enerji obyektinin tam gücü ilə fəaliyyətə başlaması mərhələli şəkildə həyata keçirilir.
“CGTN” dövlət kanalının məlumatına görə, layihənin ikinci enerji blokunda istəyəvermə-sazlama sınaqları sentyabrın 12-də başa çatıb. Sınaqlar zamanı sistemin təhlükəsizlik, etibarlılıq və digər əsas texniki göstəriciləri layihədə nəzərdə tutulan parametrləri üstələyib.
Layihənin miqyası diqqətçəkəndir. İki enerji blokunun ümumi gücü 700 MVt təşkil edir, bir tam doldurma zamanı isə sistemdə 2,8 QVt·saata qədər enerji saxlamaq mümkündür.
Enerji anbarının əsas hissəsi Çinin şərqində yerləşən Szyanjsu əyalətinin Szıntan bölgəsində duz hasilatından sonra yerin altında qalmış böyük mağaradır. Bu boşluqların demək olar ki, hermetik xüsusiyyətlərindən istifadə edilərək mağaralara 130 atmosferədək təzyiqlə hava vurulur. Sıxılma zamanı qızan hava sistemdəki su vasitəsilə soyudulur və yaranan istilik sonrakı mərhələ üçün saxlanılır.
Elektrik enerjisinə tələbat artdıqda isə sıxılmış hava mağaradan buraxılır, əvvəlcədən toplanmış istilik hesabına yenidən qızdırılır və turbinlərdən keçir. Nəticədə mexaniki enerji elektrik enerjisinə çevrilir.
Sistemdə istifadə olunan mağaraların ümumi həcmi 1,2 milyon kubmetrdir. İstilik enerjisinin saxlanması üçün hər birinin həcmi 3 500 kubmetr olan 16 sferik su çənindən istifadə edilir. Bu çənlər massivinin sıxılmış hava enerjisinin saxlanması layihələri arasında Asiyanın ən böyük istilik su rezervuarları sistemi olduğu bildirilir.
Layihənin mühüm xüsusiyyətlərindən biri də istilik enerjisinin saxlanması texnologiyasıdır. İstilik batareyası sistemin adiabatik rejimdə işləməsinə imkan verir və faydalı iş əmsalını 70 faizdən yuxarı səviyyəyə çatdırır. Bu yanaşma əlavə yanacaq sərfiyyatına ehtiyacı azaltmaqla yanaşı, enerji çevrilməsinin səmərəliliyini də yüksəldir.
Obyektin tam kommersiya istismarına buraxılmasının bu ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.
MONETAR.AZ