ABŞ-ın bir bölgəsi qaz hasilatında İran və Çini geridə qoyub

ABŞ-ın bir bölgəsi qaz hasilatında

ABŞ-ın təbii qaz hasil edən Şeyl Crescent bölgəsi 2025-ci ildə sutkada 36,7 milyard kubfut qaz hasil edərək Rusiya istisna olmaqla, bir sıra böyük qaz istehsalçı ölkələri geridə qoyub.

Monetar.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) və Energy Institute məlumatlarına görə, Şeyl Crescent ABŞ regionları arasında birinci, ölkələr və regionlar birlikdə müqayisə edildikdə isə ikinci yerdə qərarlaşıb.

Müqayisədə Rusiya sutkada 59 milyard kubfutla birinci olub. Şeyl Crescent 36,7 milyard kubfutla ikinci, ABŞ-ın Permian bölgəsi 27,6 milyard kubfutla üçüncü yeri tutub.

İran və Çin sutkada 25,6 milyard kubfutla növbəti yerləri bölüşüb. Kanadanın qaz hasilatı 20 milyard, Qətərin 17,8 milyard, ABŞ-ın Haynesvil bölgəsinin isə 15 milyard kubfut təşkil edib.

Şeyl Crescent ABŞ-ın Ohayo, Qərbi Virciniya və Pensilvaniya ştatlarını əhatə edir. Mənbəyə görə, bölgənin böyük həcmdə və davamlı təbii qaz hasilatı enerji tutumlu sənaye müəssisələri üçün mühüm üstünlüklər yarada bilər.

Müqayisə təbii qaz ehtiyatlarının və hasilatının sənaye müəssisələrinin yerləşməsi və enerji təminatı baxımından əhəmiyyətini də nümayiş etdirir.