“Reuters”in yaydığı məlumata görə, “Starbucks Corp” Yaponiyadakı biznesində nəzarət səhm paketinin satışını nəzərdən keçirir. Mümkün sövdələşmə çərçivəsində şirkətin Yaponiya bölməsinin təxminən 3 milyard dollar dəyərində qiymətləndirilə biləcəyi bildirilir.
“Starbucks”ın Yaponiya bölməsi 1 883 mağaza idarə edir. 2025-ci ilin sentyabrına olan məlumatlara əsasən, bu rəqəm şirkətin dünya üzrə mağazalarının ümumi sayının təxminən 9 faizinə bərabərdir. Yaponiya “Starbucks”ın ABŞ-dən kənarda mağazalarını birbaşa idarə etdiyi ən böyük bazar hesab olunur.
Mənbələrin bildirdiyinə görə, “Starbucks” Yaponiya biznesinin gələcək inkişaf imkanlarını qiymətləndirmək üçün bir neçə maliyyə məsləhətçisindən təkliflər istəyib. Şirkətin mümkün variantlar sırasında bölmədə nəzarət səhm paketinin satışını da nəzərdən keçirməyə hazır olduğu qeyd edilir.
Məlumata görə, “Starbucks”ın Yaponiya biznesinin satışı ilə bağlı rəsmi prosesə dördüncü rübdə başlama ehtimalı var. Hazırda şirkətin yekun qərar qəbul edib-etmədiyi və potensial alıcıların kimlər ola biləcəyi açıqlanmayıb.
MONETAR.AZ