Bakının Yasamal rayonunda ümumi sahəsi 2 066,1 kvadratmetr olan 8 qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq. Əmlakların ümumi start qiyməti 2,79 milyon manatdır.
Monetar.az xəbər verir ki, əmlaklar “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansındadır. Hərrac sentyabrın 16-da saat 10:00-da keçiriləcək.
Satışa çıxarılan əmlakların hamısı Yeni Yasamal yaşayış massivində yerləşir. Onların sahəsi 169,3 kvadratmetrdən 396,7 kvadratmetrədək, start qiymətləri isə 228,6 min manatdan 528,3 min manatadək dəyişir.
Ən yüksək start qiyməti 396,7 kvadratmetrlik qeyri-yaşayış sahəsi üçün 528,3 min manat, ən aşağı qiymət isə 169,3 kvadratmetrlik sahə üçün 228,6 min manat müəyyən edilib.
Qeyd edək ki, əmlaklar ikinci dəfə 10 faiz qiymət endirimi ilə təkrar hərraca çıxarılır.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.