Çinin elektromobil istehsalçısı “BYD” gələn ildən Avropa bazarına ilk ağır yük avtomobilini çıxarmağa hazırlaşır. Şirkət eyni zamanda uzunmüddətli perspektivdə Avropada satacağı avtomobillərin yerli istehsalını təşkil etməyi planlaşdırır.
“BYD”nin icraçı vitse-prezidenti və beynəlxalq biznes üzrə rəhbəri Stella Li Hannoverdə keçirilən “IAA” ticarət sərgisində bildirib ki, şirkətin əsas hədəfi Avropa bazarında fəaliyyətini mərhələli şəkildə lokallaşdırmaqdır.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə “BYD” Avropada satılan bütün avtomobillərini birbaşa regionda istehsal etmək niyyətindədir. Şirkət bununla yanaşı, avtopark operatorlarına yalnız yük avtomobilləri deyil, geniş xidmət paketi də təqdim etməyi planlaşdırır.
Bu paketə maliyyələşdirmə imkanları, günəş panelləri ilə işləyən enerji doldurma infrastrukturu və yollarda mobil texniki yardım göstərə biləcək servis mərkəzləri şəbəkəsi daxil olacaq.
Ağır yük avtomobillərinin Avropada istehsal edilməsi “BYD”yə idxal rüsumlarından yayınmaq imkanı verə bilər. Bununla yanaşı, Avropanın yerli istehsalçıları Çin istehsalı elektrikli yük avtomobillərinə qarşı da əlavə ticarət tədbirlərinin görülməsini istəyirlər.
O cümlədən, “Traton” konserninin “MAN” brendi Avropa İttifaqına müraciət edərək, Çin elektromobillərinə tətbiq olunan rüsumlara bənzər tariflərin Çin istehsalı elektrikli yük avtomobillərinə də şamil edilməsini tələb edib.
MONETAR.AZ