Bakıda 5,6 milyon manatlıq əmlaklar hərraca çıxarılır

Bakıda 5,6 milyon manatlıq əmlaklar

Sentyabrın 16-da Bakıda ümumi sahəsi 5 255,4 kvadratmetr olan 18 qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq. Əmlakların ilkin satış qiymətlərinin ümumi məbləği 5,57 milyon manat təşkil edir.

Monetar.az xəbər verir ki, hərrac saat 10:30-da keçiriləcək. Əmlakların böyük hissəsi Bakı şəhərinin Xətai və Yasamal rayonlarında yerləşir.

Hərraca çıxarılan əmlaklar arasında ən yüksək start qiyməti 777,6 min manat olan 360 kvadratmetrlik qeyri-yaşayış sahəsinə aiddir. Ən aşağı start qiyməti isə 72,27 min manatdır.

Xətai rayonunun Xudu Məmmədov küçəsində yerləşən əmlakların qiymətləri 72,27 min manatdan 777,6 min manatadək dəyişir. Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahələrinin start qiymətləri isə 228,015 min manatdan 355,995 min manatadəkdir.

Qeyd edək ki, siyahıdakı əmlaklar ikinci dəfə 10 faiz qiymət endirimi ilə təkrar hərraca çıxarılır.

Hərrac Əmlak Xidmətləri Məkanında – Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında keçiriləcək.