Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen sentyabrın 17-də təqdim ediləcək uşaqların hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsinin əsas müddəalarını açıqlayıb. Sənəddə 13 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsinə tam qadağa qoyulması təklif edilir.
Layihəyə əsasən, 13-15 yaşlı yeniyetmələr üçün isə sosial şəbəkələrdə yalnız valideynlərin razılığı ilə məhdud imkanlara malik hesabların yaradılması nəzərdə tutulur. Belə hesablar həmçinin istifadə müddətinə dair vaxt məhdudiyyətləri ilə tənzimlənəcək.
Ursula fon der Lyayen hesab edir ki, Avropada uşaqların rəqəmsal dünyaya çıxışı mərhələli şəkildə təmin edilməlidir. AK sədri bildirib ki, uşaqların erkən yaşlarından internetdə bütün resurslara və oyunlara sərbəst çıxış əldə etməsi yuxusuzluq, təşviş və intihar düşüncələri kimi problemlərlə əlaqələndirilə bilər.
“Uşaqlarımızın böyümək üçün vaxta ehtiyacı var. Başqaları ilə birlikdə inkişaf etmək, real həyatın gətirdiyi bütün emosiyalar və seçimlərlə qarşılaşmaq üçün. Hətta darıxmaq üçün də onların vaxta ehtiyacı var”, – deyə fon der Lyayen Strasburqda çıxışı zamanı bildirib.
“Reuters” və “Politico” nəşrlərinin tanış olduğu ilkin sənədə görə, nəzərdə tutulan məhdudiyyətlər yalnız sosial şəbəkələrlə kifayətlənməyəcək. Qadağanın videohostinqlərə, onlayn oyun platformalarına və süni intellekt əsaslı çat-botlara da şamil edilməsi planlaşdırılır. Bununla yanaşı, təhsil məqsədilə istifadə olunan rəqəmsal alətlər qanunun təsir dairəsindən kənarda saxlanılacaq.
Layihədə valideynlər və qəyyumlar üçün uşaqların internet fəaliyyətinə nəzarət etməyə imkan verən xüsusi funksiyaların yaradılması da nəzərdə tutulur.
Fon der Lyayen bildirib ki, Avropa Komissiyası bu sahədə artıq müəyyən addımlar atan ölkələrin təcrübəsini də nəzərə alıb. Onun sözlərinə görə, Avstraliya və digər ölkələrin tətbiq etdiyi məhdudiyyətlər Aİ üçün nümunə rolunu oynayıb.
Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulub. Böyük Britaniyada isə analoji tədbirlərin 2027-ci ilin yazında qüvvəyə minməsi planlaşdırılır.
MONETAR.AZ