Azərbaycanda 2027-ci il üçün 3 dövlət-özəl tərəfdaşlığı layihəsi müəyyənləşdirilib

Azərbaycanda 2027-ci il üçün 3 dövlət-özəl tərəfdaşlığı

Azərbaycanda 2027-ci ildə ekologiya, kənd təsərrüfatı və sosial sahələri əhatə edən üç dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi planlaşdırılır.

İqtisadiyyat Nazirliyinin AZƏRTAC-a verdiyi məlumata görə, Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiqlənib. Siyahıya ölkənin sosial-iqtisadi inkişafı və infrastrukturun təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyan layihələr daxil edilib.

Belə ki, gələn il “Quba-Xaçmaz bölgəsində bərk məişət tullantılarının idarə olunması”, “Kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar komplekslərinin yaradılması” və “Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzil təminatı” layihələrinin dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Layihələrin reallaşdırılması ilə regionlarda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının saxlanması üçün müasir infrastrukturun yaradılması, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması hədəflənir.

İqtisadiyyat Nazirliyi qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində bu layihələrin həyata keçirilməsi investisiyaların artırılması, innovativ həllərin tətbiqinin genişləndirilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Layihələr barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.