“Volkswagen” arxa ötürücülü ilk elektrik “ID.3 GTI” modelini təqdim edib

“Volkswagen” arxa ötürücülü ilk elektrik “ID.3 GTI”

“Volkswagen” “ID.3” elektrik hetçbekinin yeni versiyasını təqdim edib və ilk dəfə bu modelə “GTI” indeksini verib. Yeni “ID.3 GTI” həm bu adla təqdim olunan ən güclü avtomobil, həm də “Volkswagen” tarixində arxa ötürücü ilə təchiz edilmiş ilk “GTI” modeli olub. Avtomobilin Avropada satışlarına 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır.

“Volkswagen ID.3 GTI” əvvəllər “ID.3 Neo” adı ilə tanınan yenilənmiş model xəttinin flaqmanı hesab olunur və faktiki olaraq “GTX Performance” versiyasını əvəz edir. Elektromobil arxa təkərlərə fırlanma anı ötürən 326 at gücündə bir elektrik mühərriki ilə təchiz edilib. Avtomobil 0-dan 100 km/saatadək 5,6 saniyəyə sürətlənir. Beləliklə, onun gücü benzin mühərrikli “Golf GTI Edition 50” modelindən cəmi 1 at gücü çoxdur.

Müqayisə üçün, 226 at gücünə malik elektrik “ID. Polo GTI” modeli 100 km/saat sürətə 6,8 saniyəyə çatır. “Golf GTI Edition 50” üçün isə bu göstərici 5,3 saniyədir.

Yeni qabaq ötürücülü “MEB+” platformasında qurulan “ID. Polo GTI”dən fərqli olaraq, “ID.3 GTI” daha əvvəl hazırlanmış “MEB” arxitekturasından istifadə edir. Eyni platforma “ID.4” və “ID. Buzz” kimi digər elektrik modellərinin də əsasını təşkil edir.

Avtomobilin döşəməsinin altında yerləşdirilən 79 kVt·saat tutumlu batareya WLTP standartına əsasən 601 kilometrədək yürüş məsafəsi təmin edir. Maksimum şarj gücü 183 kVt təşkil edir. Bu göstərici batareyanın enerji səviyyəsini 10 faizdən 80 faizə qədər təxminən 29 dəqiqəyə çatdırmağa imkan verir.

“ID.3 GTI” üçün adaptiv DCC asqı sistemi də yenidən tənzimlənib. Modeldə həmçinin mühərrikin və sükan idarəetməsinin daha çevik reaksiyasını təmin edən xüsusi “GTI” idman rejimi tətbiq olunub.

Yeni modelin eksteryerində “GTI” ailəsinə xas dizayn elementləri də yer alır. Ön hissədə faralar arasında qırmızı zolaq, kontrast detallara malik qara radiator barmaqlığı və 20 düymlük “Wörthersee” diskləri diqqəti cəlb edir.

“GTX” versiyasından fərqli olaraq, “ID.3 GTI” modelində dam, arxa spoyler və arxa panel kuzovun rəngində hazırlanıb. Salonda isə idman oturacaqları və “GTI” modellərinə xas rəng və dizayn həllərindən istifadə olunub.

 

MONETAR.AZ