Braziliyanın çatdırılma xidməti “iFood” 2027-ci ilin martında başa çatacaq maliyyə ili ərzində ölkəyə 24 milyard real, yəni təxminən 4,66 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Şirkətin açıqladığı məlumata görə, yeni investisiya proqramının həcmi əvvəlki investisiya dövrü ilə müqayisədə 41 faiz çoxdur. Niderlandın “Prosus” investisiya qrupuna məxsus olan “iFood” vəsaitləri əsasən dörd istiqamətə yönəltməyi nəzərdə tutur.
İnvestisiyaların bir hissəsi restoran seqmentinin inkişafına, digər hissəsi isə çatdırılma xidmətlərinin yeni kateqoriyalar üzrə genişləndirilməsinə sərf olunacaq. Buraya apteklər və heyvan məhsulları mağazalarından sifarişlərin çatdırılması da daxildir. Şirkət eyni zamanda öz texnoloji həllərinin hazırlanmasına və “iFood Pago” fintex bölməsinin inkişafına sərmayə qoyacaq.
Texnologiya və innovasiyalara yönəldiləcək vəsaitin həcmi 2 milyard realı ötəcək. Şirkətin məlumatına görə, bu investisiyalar “Prosus”la birgə hazırlanmış generativ süni intellekt modelinin və süni intellekt agentlərinin inkişafını da əhatə edəcək.
“iFood”un baş icraçı direktoru (CEO) Diyeqo Barreto bildirib ki, cari ilin sonuna qədər restoran seqmentindən kənar çatdırılma xidmətlərinin şirkətin gəlir və maliyyə nəticələrindəki payı təxminən 40 faizə çatacaq.
Onun sözlərinə görə, əvvəlki investisiya proqramı nəticəsində ərzaq məhsulları seqmentində 60 faiz, aptek xidmətlərində 70 faiz, heyvan məhsulları seqmentində isə 100 faizdən çox artım əldə olunub.
Barreto “DiDi”yə məxsus “99Food” və “Meituan”ın nəzarətində olan “Keetha” platformalarının bazarda artan rəqabətinə də münasibət bildirib. O, bu rəqabətin şirkətdə narahatlıq yaratmadığını deyərək “iFood”un innovasiya imkanlarının bazardakı mövqeyini dəstəklədiyini vurğulayıb.
MONETAR.AZ