Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu üzrə sərnişin daşınmasında rekord göstərici qeydə alınıb. Sentyabrın 15-də Bakıətrafı dəmir yolu marşrutlarından istifadə edən sərnişinlərin sayı 52 minə yaxınlaşıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, həmin gün Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə ümumilikdə 52 minə yaxın sərnişin daşınıb.
Müqayisə üçün, ötən ilin eyni günündə bu marşrutlardan 42 mindən çox sərnişin istifadə edib. Beləliklə, bir il ərzində sərnişin sayında 23,3 faiz artım qeydə alınıb.
Sərnişin axınının artması ilə əlaqədar sentyabrın 15-dən Abşeron dairəvi dəmir yolu üzrə yeni hərəkət cədvəli də tətbiq olunub. Cədvələ əsasən, gündəlik reyslərin sayı 90-dan 96-ya çatdırılıb.
Bununla yeni tədris ilinin başlanması fonunda Bakı və ətraf ərazilər arasında gündəlik gediş-gəlişin artan tələbatına uyğun olaraq dəmir yolu ilə sərnişindaşıma imkanları da genişləndirilib.
