Yaponiya Qaz Assosiasiyası hökumətin fövqəladə hallar zamanı Malayziyanın “Petronas” şirkətindən mayeləşdirilmiş təbii qaz (LNG) alınmasına dair razılaşmasını dəstəkləyib. Assosiasiyanın sədri Takeşi Uçida ölkənin gələcəkdə digər LNG istehsalçıları ilə də analoji sazişlər imzalamasına ümid etdiyini bildirib.
Çərçivə sazişi ötən həftə imzalanıb. Razılaşmaya əsasən, “Petronas” LNG-ni Yaponiyanın Metallar və Enerji Təhlükəsizliyi üzrə Dövlət Təşkilatına tədarük edəcək. Təşkilat isə digər mənbələrdən qaz əldə etmək imkanları məhdudlaşan özəl alıcıları, o cümlədən kommunal şirkətləri yanacaqla təmin edəcək.
Yaponiyanın ən böyük şəhər qaz təchizatçısı “Tokyo Gas”ın da rəhbəri olan Uçida sazişi ölkənin strateji LNG ehtiyat proqramının genişləndirilməsi kimi qiymətləndirib. Onun sözlərinə görə, razılaşmanın əsas əhəmiyyəti fövqəladə vəziyyət yaranacağı təqdirdə Yaponiyanın əlavə LNG həcmləri əldə edə bilməsi ilə bağlıdır.
Uçida bildirib ki, Yaponiya Malayziya ilə yanaşı, digər LNG istehsalçısı ölkələrlə də əməkdaşlıq imkanlarını genişləndirməlidir. Bununla belə, o qeyd edib ki, potensial tərəfdaşların istehsal imkanları məhduddur və qısa müddətdə tədarük edə biləcəkləri LNG-nin həcmi hazırda dəqiq məlum deyil.
Assosiasiyanın sədri yeni sazişin şərtlərinə, o cümlədən qiymətlərə dair ətraflı məlumat açıqlanmadığından onun iqtisadi baxımdan dəqiq qiymətləndirilməsinin hələlik çətin olduğunu da vurğulayıb.
Yaponiyanın strateji LNG ehtiyat proqramı Sənaye Nazirliyi tərəfindən yaradılıb və 2023-cü ildən fəaliyyət göstərir. Proqram çərçivəsində nazirliyin müəyyən etdiyi şirkət əvvəlcədən LNG partiyaları alaraq tədarükdə fasilə və ya digər fövqəladə vəziyyətlərlə üzləşən kommunal müəssisələr üçün ehtiyat formalaşdırır.
Yeni razılaşma isə bu mexanizmin fövqəladə hallarda əlavə LNG tədarükünün təmin edilməsi imkanlarını genişləndirməyə yönəlib.
MONETAR.AZ