Xam neftin qiyməti 105 ABŞ dollarını ötərək son 4 aydan çox müddətin ən yüksək səviyyəsinə çatıb. Bahalaşmaya Yaxın Şərqdən neft tədarükünün məhdudlaşması və Liviyada hasilatla bağlı yaranan problemlər təsir edib.
Monetar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı İraq ərazisindən həyata keçirilən hücumlar fonunda neftin Qırmızı dənizə daşınmasını təmin edən “Şərq-Qərb” boru kəmərinin fəaliyyətini dayandırıb.
Boru kəməri vasitəsilə gündəlik 7 milyon barel Səudiyyə neftinin Qırmızı dənizə yönləndirilməsi mümkün idi. Fars körfəzindən tankerlərlə daşımaların İran blokadası səbəbindən dayanması fonunda bu marşrutun əhəmiyyəti daha da artıb.
Regiondan neft daşımalarının uzun müddət dayanması OPEC-in əsas üzvlərini hasilatı azaltmağa məcbur edib. Səudiyyə Ərəbistanında neft hasilatının 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşdüyü bildirilir.
Liviyada da bir sıra neft yataqlarında fəaliyyət dayandırılıb. Neft Obyektlərinin Mühafizəsi Qvardiyasının etirazları nəticəsində Hamada-Zaviya xam neft yükləmə boru kəmərinin fəaliyyəti dayanıb.
Çində neft ehtiyatlarının azalması da qiymətlərə təsir edən amillərdən biri olub. Dünyanın ən böyük neft idxalçısı olan Çin avqust ayında alışlarını artırıb.
ABŞ-da isə Strateji Neft Ehtiyatlarının həcmi (SPR) rekord həddə yaxın aşağı səviyyədə qalır.