Böyük Britaniyada istehlak inflyasiyası avqust ayında illik ifadədə 3,1%-ə yüksəlib. Milli Statistika İdarəsinin bu gün açıqladığı məlumatlara görə, göstərici proqnozlarla üst-üstə düşüb və iyuldakı 2,9%-lik səviyyəni geridə qoyub.
İllik inflyasiyanın yüksəlməsində əsas amil mühərrik yanacağının bahalaşması olub. Aylıq ifadədə istehlak qiymətləri avqustda 0,5% artıb. Bu göstərici də analitiklərin proqnozuna uyğun gəlib və iyulda qeydə alınan 0,3%-lik artımdan yüksək olub.
Avqustda yanacaq qiymətlərində xüsusilə nəzərəçarpan artım müşahidə edilib. Benzinin orta qiyməti iyul-avqust aylarında litr üzrə 9,1 pens bahalaşıb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu artım cəmi 0,3 pens təşkil edib. Nəticədə benzinin orta qiyməti litr üçün 161,3 pensə çatıb ki, bu da 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.
Dizelin qiyməti də kəskin yüksəlib. Bir il əvvəl eyni dövrdə 0,8 pens artan dizel yanacağı avqust ayında litr üzrə 14,2 pens bahalaşaraq orta hesabla 181,8 pensə çatıb. Bunun nəticəsində mühərrik yanacağının ümumi qiyməti illik ifadədə 23% artıb. İyul ayında bu göstərici 15,5% səviyyəsində idi.
Bununla yanaşı, enerji daşıyıcıları, ərzaq, alkoqol və tütün məhsullarının qiymətlərini nəzərə almayan baza istehlak inflyasiyası dəyişməyib. Baza istehlak qiymətləri indeksi avqust ayında da 2,6% səviyyəsində qalıb.
Mənzil sahiblərinin yaşayış xərclərini də nəzərə alan istehlak qiymətləri indeksi (CPIH) isə illik ifadədə 3,3%-ə yüksəlib. İyul ayında bu göstərici 3,1% təşkil edib.
MONETAR.AZ