“Oracle Corp” şirkətində işçilərin ixtisarının yeni mərhələsinə start verilib. Bu barədə ixtisardan zərər çəkən üç əməkdaş və “Business Insider” nəşrinin əldə etdiyi daxili yazışmalar məlumat yayıb.
Məlumata görə, ixtisar prosesi bazar ertəsi başlayıb. Bu tarix daha əvvəl şirkətin planları ilə tanış olan mənbənin gözləntiləri ilə də üst-üstə düşüb. “Oracle” nümayəndəsi məsələ ilə bağlı göndərilən sorğulara cavab verməyib.
“Business Insider” ötən ay yazıb ki, şirkət süni intellekt infrastrukturunun maliyyələşdirilməsi üçün milyardlarla dollar borclandığı bir vaxtda əməkhaqqı xərclərini azaltmaq məqsədilə yeni ixtisar planları hazırlayır. Daxili sənədə əsasən, bəzi bölmələrdə ixtisarların işçi sayının iki rəqəmli faizinə çatması nəzərdə tutulur.
Son ixtisarlarla bağlı məlumatlar bazar ertəsi “LinkedIn”, “Reddit” və “Blind” platformalarında da yayılıb. Bir sıra istifadəçilər “Oracle”da yeni ixtisar dalğasından təsirləndiklərini bildiriblər.
Bu, şirkətin cari il ərzində həyata keçirdiyi əvvəlki ixtisarlardan sonra baş verib. “Oracle”ın son hesabatına görə, mayın 31-də başa çatan 2026-cı maliyyə ilində şirkətin əməkdaşlarının sayı 21 min nəfər və ya 13 faiz azalıb. Yeni ixtisar mərhələsi başlamazdan əvvəl şirkətdə təxminən 141 min əməkdaş çalışıb.
Bununla yanaşı, “Oracle”ın həmtəsisçisi və sədr müavini Lerri Ellison şirkətin səhmlərinin satışı ilə bağlı əvvəlcədən hazırlanmış ticarət planını da ləğv edib. 22 iyun 2026-cı ildə qəbul edilmiş “10b5-1” planı Ellisona oktyabrın 24-dək ümumi dəyəri təxminən 7,5 milyard dollar olan 50 milyonadək “Oracle” səhmini satmaq imkanı verirdi.
Planın ləğvi sentyabrın 11-də təqdim edilmiş sənəddə açıqlanıb. Sənəddə eyni zamanda həmin plan çərçivəsində heç bir “Oracle” səhminin satılmadığı təsdiqlənib. Şirkət Ellisonun qərarının səbəblərini açıqlamayıb və səhmlərin satışı ilə bağlı alternativ planın olub-olmadığını bildirməyib.
MONETAR.AZ